Lük Formula-1-ə mane oldu 

Bakıda Formula-1 pilotu Corc Rassell kanalizasiya quyusunun qapağına ilişərək qəza törədib.

«Williams» komandası rəhbərinin müavini Kler Uilyams deyib ki, Bakı Şəhər Halqasındakı drenaj lükunun Corc Rassellin bolidini ciddi zədələməsi «qəbuledilməzdir».

«Halqa drenaj lüklarının hamısının möhkəmləndirilməsindən əmin olmalıdır. Formula-1 trekində belə bir şey baş verməməlidir», – o söyləyib.

https://youtu.be/wBP55K_F1uA

«Məncə, xeyli ziyan dəyib. Televiziyadan da görə bilərsiniz, bolidin aşağı hissəsini tamamilə dağıdıb», – deyən K.Uilyams məsələni yarış nəzarətçiləri qarşısında qaldıracağını deyib.

Belə bir qəza «Williams» komandasının başına ilk dəfə deyil gəlir. 2016-cı ildə ilk Qran-prinin yekun məşqi zamanı «Williams»ın pilotu Valtteri Bottasın bolidi yerindən çıxmış lüka dəyərək zədələnmişdi.

Formula-1 üzrə Azərbaycan Qran-prisi zamanı xoşagəlməz hal baş verib.

Qəza keçirən «Williams» komandasının pilotu Corc Rassellin bolidini aparan evakuasiya maşınının kranı yerüstü piyada keçidinə ilişib. Nəticədə keçid zədələnib. Kran isə qırılıb və ondan axan yağ bolidin üzərinə tökülüb. Əraziyə ikinci evakuasiya maşını gəlib. Yekunda Rassellin bolidini boksa gətirmək mümkün olub.

Beynəlxalq Avtomobil Federasiyası isə Bakı trekində bütün drenaj lüklərini yoxlamağı qərara alıb. Buna səbəb Böyük Britaniyanın «Williams» komandasının pilotu Corc Rassellin bolidinin lyuka ilişərək zədələnməsidir. Trek boyunca lüklərin sayının 300-dən çox olduğu bildirilir.

Report