Nazir Oqtay Əsədovun həyat yoldaşına “bir başqa görüş” tövsiyə etdimi?

Biz Elinanı niyə itirdik…

Gözümüzün önündə daha bir mələk üzlü qızımız intihar etdi. Elinanın bütün komplekslərdən azad, istedadlı və mükəmməl bir gənc olaraq böyüməsi üçün hər cür şansı vardı…əgər səlahiyyət sahibləri öz vəzifələrini layiqincə yerinə yetirsəydilər. Gəlin etiraf edək, ölkə sistemli bir böhran içindədir. Dövlət mexanizmi  fəaliyyətini itirib. Dövlət başçısı məsələ ilə bağlı nöqsanlar və problemlər haqqında yazmaq üçün jurnalistlərə yaşıl işıq yandırdı.  Çünki bu utancverici məsələni həll etməyin başqa yolu yoxdur…

Elina ulduz oldu. O, qaranlıq bir krallıqda parlaq işığa çevrildi. Deputatların insanlara qəpik-quruşla yaşamağı öyrətdiyi qaranlıq bir krallıq… Onlar özləri şahzadə kimi yaşayır, bizə  əxlaq dərsi öyrədir və bu durumda baş deputatın həyat yoldaşı Moskvada priton saxlayır.

İndi hamı Elina haqqında danışır. Onun adı zorakılığa qarşı mübarizənin simvolu oldu və başqa bir yandan, onun şəkli boş-bekar səlahiyyət sahibləri üçün bir piar elementinə çevrildi. Belə olmaz! Bizim dövlət aparatı, nəhayət, işə düşməlidir. Və bir daha belə ölümlər baş verməməlidir. Gürcüstana, Ermənistana baxın… Amma biz… Biz hələ ki, yerimizdə sayırıq…

İndi Elinanın faciəli ölümü ətrafında çox sayda informasiyalar dolaşır. Onu xilas etmək olardı. Bu ölüm baş verməməli idi. Qeyd etmək lazımdır ki, bu faciə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “hadisədən dərhal sonra bu məsələni ciddi araşdırmaq üçün xüsusi göstərişlər verdi”. O, “bu məsələni siyasiləşdirməməyi” məsləhət gördü. Komitə sədri bu intihar hadisəsinə münasibət bildirərkən onu da deyir ki, “intiharların baş verməməsi üçün işlər aparılır”.  Hansı işlər? O işlər aparılırsa, niyə ölkədə uşaq intiharlarının sayı azalmır? “Azərbaycanda ailə zorakılığı, abortlar və uşaq intiharlarının sayı artıb. Bu cür halların qarşısı alınmalıdır”. Bu sözləri Hicran xanım 3 il əvvəl mətbuata açıqlamasında deyib. O vaxtdan bəri yaxşılığa doğru nə dəyişib, bəlkə bir hesabat versin?

Bəlkə heç bu komitə, ümumiyyətlə, zorakılıq problemləri ilə məşğul olmur? Bəlkə, bu qurumun uşaqlarla işləmək üçün deputatlarla birlikdə bir proqram hazırlamaq təşəbbüsü daha yerinə düşərdi? Zorakılıq məsələlərinin bircə dəfə millət vəkilləri və ya Hicran Hüseynovanın rəhbərlik etdiyi komitə tərəfindən qaldırıldığını eşidən olubmu? Xeyr!

Millət vəkilləri yalnız əcaib klounlar kimi vaxtaşırı xalqı əsəbləşdirmək üçün səhnədə görünür, əslində isə heç kim işlə məşğul deyil. Nə komitələr, nə də Parlament (bağışlayın, “Milli Kapriz” deyək, bizdə çoxdan Parlament yoxdur).

Mərhum Elinanın anası ikinci dəfə ailə həyatı qurub, iki övlad dünyaya gətirib. Bu səbəbdən, Elina ilə kiçik uşaqların arasında böyük yaş fərqi vardı. Elina uşaqlıq çağını keçdikdən sonra çətin bir psixoloji şəraitdə yeniyetməlik dövrünə girdi. O, yaş dövrü ilə bağlı öz dünyasında özünü kimsəyə gərəksiz hiss etməyə başladı. Bu dövrdə yəqin ki, onun öz həyatını manipulyasiya etmək üçün düşündüyü “ən yaxşı” çıxış yolu diqqət çəkmək cəhdi ola bilərdi. Bu, əsasən, Elina yaşda olan qızlara xas xüsusiyyətdir.

Bax, həmin o komitə də bu məqsədlə yaradılıb, hökumət hər il ona vergi ödəyicilərinin cibindən milyonlar ayırır. Profilaktik işlər üçün milyonlar, zorakılıq əleyhinə proqram və təlimlər üçün milyonlar… Bu milyonlarla nə işlər görülür axı? Ümumiyyətlə, bu komitə nə üçündür? Belə işlər üçün dünya miqyasında millət vəkilləri müvafiq kampaniyaları təbliğ etmək və həyata keçirmək məqsədilə Facebookdan istifadə edirlər. Bizdə alınmadı. Millət vəkillərinə və “komitələr”ə “təşəkkür edirik”.

Görünür, Hicran Hüseynovanın “heç bir şey etməyən” komitəsi prezidentin göstərişindən sonra uzun qış yuxusundan oyandı. Komitə sədri öz fəaliyyəti müddətində zorakılıq əleyhinə kampaniyaları dəstəkləmək əvəzinə, “Parlamentin birinci xanımı” və Moskva pritonunun sahibi Zemfira Əsədovaya təriflər yağdırmaqla məşğul olurdu.

Bir neçə il bundan əvvəl Hicran xanım Milli Məclisin “boz kardinal” xanımı Zemfira “Kapriz”ə birmənalı şəkildə tərif yağdıraraq, açıq şəkildə bunları yazmışdı:

“Qadınlar üçün çox ibrətamiz bir hekayə. Xüsusilə, kişilərə xoş gəlmək naminə dəyişmək istəyənlər üçün. Özünüzə güvənli olun və sizin kişiniz qırışlarınızı belə unudacaq. Amma  hər zaman da yeni bir görüşə hazır olun!”

Bu yazıya istinad, bəlkə də, başqasının şəxsi işinə burun soxmaq hesab oluna bilər. Amma yox. Buna şəxsi məsələ yox, bir məmurun öz xalqı, dövlət və Prezident İnstitutu qarşısında məsuliyyəti deyilir. Düşünün ki, bunu bir Komitə sədri ( başqa sözlə, nazir) “Parlamentin birinci xanımı”, ali qanunverici orqanın sədrinin həyat yoldaşına yazır (açıqca!). Unudur ki, onu istənilən halda başqa vəzifəli şəxslər, millət vəkilləri və xalq da oxuyacaq.

Komitə sədrinin son ifadəsi isə lap hədəfə vurub. Ailə və uşaq məsələləri üzrə “Nazir” xanım spikerin həyat yoldaşına “yeni görüşlərə hazır olmağI” tövsiyə edib… Bu həmin düşüncənin kulminasiya nöqtəsidir! Artıq öz dilləri ilə ifadə etdikləri əxlaqsızlığın dərəcəsini siz qiymətləndirin.

Hicran xanıma xatırlatmaq lazımdır ki, Zemfira Əsədova hələ Oqtay Əsədovun həyat yoldaşıdır. Oqtay Əsədov sağdır (ən azı belə görünür) və hətta xalqı inandırmağa çalışır ki, o, parlamentdə işləyir.

Deyəsən spikerin xanımının hədsiz “özünə güvəni” Hicran xanımı da həyəcanlandırıb. Bəlkə, Moskvanın mərkəzində mülkləri və striptiz- barı olan Zemfira Əsədova Azərbaycanda ən çox “özünə güvənli” qadındır. Üstəlik, biz Əsədovların həyatından başqa bir epizodu, Rəna Məmmədovanın işi ilə bağlı bütün ölkədə səs-küy yaradan qalmaqalı xatırladaq. O Rəna Məmmədova ki, Zemfira Əsədovanın qızı Nərminə Əsədova onun ailəsini dağıtdı, məhkəmə yolu ilə onu analıqdan məhrum etdi və uşaqlarını əlindən aldı. Yeri gəlmişkən, xatırladaq ki, Hicran Hüseynovanın komitəsi məhz belə özbaşınalıqlarla mübarizə aparmalıdır.

Bəlkə də, Hicran Hüseynova bütün bunları, rəhərlik etdiyi komitədə öz vəzifəsinin nədən ibarət olduğunu bilmir. Əks halda, o, belə hərəkətlərin “mənəviyyatsızlıq və ədalətsizlik” olduğunu mütləq Zemfira Əsədovaya xatırladardı…

Elinanın ölümü haqqında bütün həqiqətlər bunu deyir- bizim dövlət aparatı çürüyüb. Millət vəkillərinin və böyük səlahiyyət sahiblərinin günahları üzündən bu itkinin acısını xalq çəkir. Yeniyetmə qızcığazı son həddə gətirib çıxaran da, təkcə o intihara görə cavab verməli olan məktəb rəhbərliyi deyil, biz hamımızıq- bütün cəmiyyət və dövlət aparatı.

Elinanın hekayəsi bir də ölkənin ən mühüm problemini ortaya çıxardı: bu çürümüş sistem yenilənməyə ehtiyac duyur və ona hazır olmalıdır, Zemfira Əsədovanın “yeni görüş”ə hazır olması kimi…

Azerbaycan Saati.tv