Cəbhəçilərə sözüm…

Şahvələd Çobanoğlu

Koroğlu yadınızda olar. Tüfəng çıxanda qılıncı atmışdı.

Axır əcəl gəldi, yetdi hay, haray!
Çəkdiyin qovqalar bitdi hay, haray!
Tüfəng çıxdı, mərdlik getdi hay, haray!
Mənmi qocalmışam, ya zəmanəmi?

Koroğlunun misalı olmasın, illərdir ən müxtəlif qruplar cəbhəçilərə deyir ki, atın bu mitinqləri arsenalınızdan, bundan bir şey çıxmaz.
Həm də ortada tüfəng kimi yeni çıxan təzə bir üsul-icad da yoxdur.
Hökumətin dedikləri və elədikləri bir yana, mitinqləri və mitinq edənləri aşağılamayan, qaragüruh deməyən, lağlağı etməyən, yararsız saymayan bəlkə adam qalmadı Bəlkə sizli-bizli hər birimiz də nə vaxtsa mitinqlərdən yorulub, nəticə çıxmadığını görüb, özümüz də ondan üz döndərmək istəmişik.

Amma məsələ onda deyil ki, mitinqləri əvəz edəcək təzə üsul çıxmayıb, ona görə ondan üz döndərmək olmaz.
Mitinqlər heç vaxt əvəzlənməyəcək. Mitinqlər təkcə üsul deyil, həm də fundamental hüquqdur. Üsul kimi də bu gün allahın demokratik Fransasında da önərilən siyasi seçimdir, başqa yerdə də.

Qovğalar, müzakirə və mübahisələr bitəcək. Müxalifət cinahı zənginləşirsə, nə gözəl, yükünüz azalacaq. Dava da olacaq, barışıq da.
Amma heç vaxt mitinqlərə inamınız dəyişməsin. Bununla Azərbaycan xalqının haqq və imkanlarına ziyan vurmuş olarsınız. Azərbaycanın az qala hər yerində pis-yaxşı bir qolu olan, mitinqlər üçün təcrübəsi və imkanı olan bir təşkilatın bu məsələdə tərəddüdü olmamılıdır. Yalnız daha yaxşı mitinqlər haqda var-gəl etmək olar.

Hə, mitinqdən qorxub islahatı dayandıracaqlarsa, deməli, o, islahat deyilmiş, heç başlamayıb da. Əhəmiyyət verməyin bu sözlərə.
19 yanvar mitinqinin rolunu azaltmaq istəyənlərə gəldikdə isə, əmin ola bilərsiniz, mitinqin özündən çox mitinq videolarına baxışın elə həmin gün 2 milyonu keçməsi görünməmiş bir sonuc idi və hakimiyyəti titrədən də o idi. Hər şey Azərbaycan xalqının xeyrinədir.
Mitinqlər siyasi fəaliyyətin bir seqmentidir, durmadan seçkiyə də hazırlaşın, yeni mərkəzlər də yaradın, yeni keyfiyyətlərə də can atın, nöqsan və qüsurlarınızı da azaldın … və mitinqlərə inamınızı isə əsla azaltmayın!