AXCP fəalının apelyasiya şikayəti təmin olunmadı

Azərbaycan Xalq Cəbhəsinin fəalı, Milli Şuranın aprelin 6-na təyin etdiyi mitinqin təşkilatçısı olan Paşa Umudovun apelyasiya şikayətinə aprelin 10-da baxılıb. P.Umudov bildirib ki, həmin gün su gəlmədiyi üçün karta pul yükləməkdən ötrü həyətə düşüb. Qayıdanda həyətdə qara “Prado” dayandığını, maşının yanında olan iki nəfərin ona sarı baxdığını görüb. Həmin adamlar yaxınlaşıb Paşa bəyin polisə getməli getməli olduğunu deyib. Onlar kartı evə aparmağa da imkan verməyiblər. “10-15 dəqiqədən sonra səni evinə gətirəcəyik” – deyiblər. Ancaq onu polisdə saxlayıb, sonra da məhkəmə qarşısına çıxarıblar. Paşa Umudov siyasi fəaliyyətinə görə həbs olunduğunu deyib.

Vəkil Zibeydə Sadıqovanın əsaslandırması, Paşa Umudovun hadisəni təfsilatı ilə danışması və həbsin qanunsuz olduğunu, bu səbəbdən apelyasiya şikayətinin təmin edilməsini  istəməsi nəticə verməyib. Hakim Rəşad Abdulov Paşa Umudovun apelyasiya şikayətini təmin etməyib.

Paşa Umudov martın 28-də evlərinin yanında saxlanılaraq polisə aparılıb. Bir gün polis şöbəsində saxlandıqdan sonra o, İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə günahlandırılaraq 15 sutka ilə cəzalandırılıb.

azadliq.info