İlham Əliyevin icbari sığorta barədə artistlərə danışdığı nağıl imiş VİDEO

Yevlax şəhər sakini Ülviyyə Sadıqova 2014-cü ildə ağır cərrahiyyə əməliyyatına məruz qalıb. Ona qaraciyər köçürülüb. Bu əməliyyat xaricdə yaşayan həmvətənimizin (adını anonim saxlayıb) dəstəyi ilə baş tutub. 100 min dollar müqabilində o zaman Neftçilər xəstəxanasında cərrah işləyən, hazırda isə Mərkəzi Gömrük Hospitalının həkimi olan Mircəlal Kazımı bu əməliyyatı yerinə yetirib. Xəstənin donoru isə dogma qardaşı Telman Sadıqov olub.
Əməliyatdan sonra bir müddət xəstənin vəziyyəti stabil olub. Lakin sonradan lazımı müalicələrin olmaması səbəbindən xəstənin halında kəskinləşmə baş verib. Ülviyyə Sadıqovanın anası və qardaşının çoxsaylı şikayətlərindən sonra xəstə icbari tibbi sığorta olunub. Xəstəni əməliyyat edən həkim Gömrük Hospitalında çalışdığı üçün ora göndəriş verilib. Martın 18-də hospital qəbul olunan xəstə 19-da yenidən Yevlaxa göndərilib. Xəstənin vəziyyətinin pisləşdiyini görən yaxınları onun üçün yenidən Gömrük Hospitalına göndəriş alıblar. Aprelin 2-də Gömrük Hospitalına gətirilən xəstə yenidən geri qaytarmaq qərarına gəlinib.
Xəstənin əlacsız qalan qardaşı əməkdaşımızı Hospitala dəvət edib. Gömrük Hospitalının Elman adlı baş həkimi onlarda uyğun müalicə olmadığını deməklə kifayətlənib.
Hospitalın İcbari Sığorta rəisi İlhamə xanım isə, qapını bağlayaraq əməkdaşımızla danışmaqdan yayınıb. İcbari sığorta mərkəzinə edilən telefon zənginə cavab verən Nərgiz adlı əməkdaşı məsələnin onların səlahiyyətləri xaricində olduğunu bildirib.
Hadisə ilə bağlı xəstənin qardaşı ilə olan söhbəti, Gömrük Hospitalında baş verənləri izləyicilərimizə təqdim edirik.

azadliq.info