5 manat nizamnamə kapitalı olan şirkətin 3 milyonluq ziyanı
ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu
Vətəndə baş verənləri narahatlıqla izləyirəm. Kənardan görsənən odur ki, aşağıların kiçik “səhvlərini” yuxarılar humanistlik edərək “düzəldirlər”. Belə ki, 5 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınan “Diqlas-1″məhdud məsuliyyətli cəmiyyətin yanğından mühafizə normalarına əməl etməməsi səbəbindən sahibkarlara vurduğu milyonlarla manat ziyanı prezident 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş 300 milyon manatlıq ehtiyat fondunun 1 faizini və ya 3 milyon manatını ayırmaqla kompensasiya, devalvasiyadan sonra vətəndaşlaraın “belinə” yüklənmiş 1 milyard manatdan çox vaxtı keçmiş borcu yenə də 2019-cu il dövlət büdcəsindən, amma bu dəfə nəzərdə tutulmamış 682 milyon manatlıq kredit xətti açmaqla restrukurizasiya edir. Hər iki problemin yaranmasında suçu olan və illərlə yüksək kredit faizləri ilə milyardlarlar qazanan banklar, hər ay artırılan icarə haqları ilə milyonlar qazanan ticarət mərkəzi məsuliyyətdən kənarlaşdırılır. Çünki, həm banklar və həm də ticarət mərkəzləri, bir sözlə ölkədə fəaliyyətdə olan, pul gətirən nə varsa hamısı bir şəxsə məxsusdur. Ona görə də onlar bankların, tiracət mərkəzlərinin vəsaitlərinə ailənin cib pulları, büdcəyə isə xəzinəsi kimi baxırlar. Belə olanda da bir neçə epizodda birdəfəlik kompensasiya alan vətəndaşlar və ya sahibkarlar həmişəlik uduzurlar. Uduzan xalq, talanan büdcə, yanan ticarətçi humanistlik adını qazanan isə hakim ailə olur.
Ən dəhşətlisi də odur ki, ölkəyə son 15 ildə gələn 250 milyard dollar xarici sərmayənin, 150 milyard dollar neft-qaz gəlirlərinin, bütövlükdə 400 milyard dolların axırına çıxan hakimiyyət iqtidarda olduğu 15 ildə sadə sığorta münasibətlərini, uçot-qeydiyyat sistemini tənzimləyən mühasibatlıq qaydalarını belə yarada bilməyib. Çünki, Azərbaycanda prezidentdən başlayaraq parlamentinin spikerinə qədər hamı ailəliklə sahibkarlıqla məşğul olur, məmurlar büdcənı talayır, deputatlar biznes və qrant dərdi çəkir, korrupsiya qarşı mübarizə üzrə baş idarənin rəis müavini adı korrupsiya ilə mübarizə olan idarəyə işçini rüşvətlə işə götürür, tikinti şirkətinin rəhbəri şəhid ailəsinin evini rüşvət verdiyi məhkəmənin qərarı ilə əlindən alır, zavallı xalq isə regionlarda təzək yandırmaqla evini isidir, sobada qızdırdığı çörəklə uşağının başını aldadır. Tərs kimi barahın gəlişi də ləngiyir, havalar da düzəlmir. Elə bil ki, təbiət də bizdən üz döndərib.