Dua

Eyvaz TAHA

(Bayram havasında Azərbaycan xalqı üçün bir dua və yaxud bir cəmiyətin yaşam manifesti)

Sizlər üçün diləklərim var,
aydan arı, sudan duru;
gələcək yolunuz hamar,
gözləriniz işıqlı,
vücuduz sağlam,
işləriniz uğurlu,
yaşamanız mutlu,
könüllüləriniz gültəkin olsun!
***
Varlığınız anlamlığa,
yaşıllığa,
ussallığa,
insanlığa,
tam boyansın;
bilgi gəlsin,
mənli sənli Oğuz nəsli bilimlənsin;
xürafələr yoxa çıxsın,
söyləntilər,
cəfəngiyat,
ağ yalanlar,
bayram tonqalında alovlansın;
düşüncəmiz lillənməsin;
dilimiz məktəblərdə dil açıb dilənsin;
“özgürlük” qanad açsın,
“bərabərlik” işıq saçsın.
***
Gün gəlsin
yağışlar yağsın,
varlığımız
dağ döşünü heyvanlara daraltmasın;
maralların sarsıntısı ruha hopur
insan üçün ovlandıqda;
toplum qəlbi ormanların kölgəsində döyünürsə
çiçəksizlik cinayəti yasaqlansın;
ehtiyaclar dışındakı heyvancıllıq durdurulsun;
bayğuşu sev, ruh oyansın!
***
Gün gəlsin,
amaclar qurbanlıq getməsin araclara;
yaşam “ulu qavramlara” yenilməsin;
çalışan əllərlə,
danışan dillərlə,
düşünən beyinlələ,
varlı-yoxsul ikiliyi silkələnsin;
ucqar-orta çəlişkisi çiçəklənsin; qabar-alın siyasəti rüsvay olsun;
gerilik devrilsin;
dolansın toplumun damarlarını inkişaf qanı;
adlasın insanlar ölülər gələnəyindən dirilər gələcəyinə.
***
Gün gəlsin,
kor nifrətə qələm çəkək;
düşmənçilik duyğusundan,
özgələşmə uyğusundan,
məncilliklər basğısından qurtulub da,
tapınaraq həqiqətin ocağına;
zülmü danaq;
dirənişcil siyasəti mutluluğun yolu sanaq.
***
O gün gəlirsə,
ağrılar, acılar uğura çevriləcək,
alçaqlıqlar isə onura;
o gün gəlsin,
Bütünçülük xülyaları yoxa çıxsın;
pluralism işığında
toplum, çatlarından nəfəs alsın.
***
Gün gəlsin,
qandaşlıqdan yurddaşlığa,
ayrı-seçkilikdən yoldaşlığa,
sarsıntıdan subyektliyə,
rüşvət ideologiyasından ədalət konsepsiyasına
ötüb keçək;
doqmatizmdən dözümlülüyə,
görkəmdən gerçəyə,
oxlosdan ulusa,
mitostdan logosa,
nağıldan ağıla,
savaşdan barışa,
yarışa-yarışa kedək.
***
Gün gəlsin,
Sandığın deyil, yandığın sevgi bolluğunda
axlağa gərək qalmasın;
yasalar yenidən yazılsın;
insansevməz yasaqlar qaldırılsın;
despotizm diz çöksün;
zopalardansa düşüncələr
çarpışsın;
yolazlaşma ortamında əyriəllər quruluşu çat götürsün;
çatıq qaşlı iri-qüdrət anlayışı
üsyanların qayasına çarpılaraq parçalansın;
Levyatanlıq tutqusuna yox deyərək
dövlət olsun özgürlüyün, eşitliyin qorucusu,
Kütlələrin alçaqkönül qulluqçusu;
bəlkələrə sığınmasın,
cənnət deyib cəhhənnəmə çevirməsin ölkəmizi;
gün gəlsin,
mövcud durum çalxalansın;
radikal demokratiya bayrağı Saat qabağında dalğalansın.
***
Bir diləyim də var diləklər barəsində
sevimli şair dilindən:
“Tükənməz royarlar diləyirəm sizə,
və bir neçəsi çin olacaq çılğın arzular;
sizə sevmək istədiyinizi sevməyi diləyirəm;
unutmalı olduqlarınızı unutmağı;
sizə ərdəm, umud, dinclik, barış diləyirəm;
quşların mahnısı ilə, uşaqların gülüşləri ilə oyanmağı diləyirəm;
sizə sarsılmadan dayanmağı
çalışqanlıq sayəsində mutluluğa adanmağı diləyirəm;
bu zamanın durğunluğunda, qayğısızlığında,
özünüz kimi, özünüz kimi olmağınızı istəyirəm.”
***
İnsan büründüsə dəyişim əzminə
tikanlı məftillər nəyəsə yaramaz,
döğuya bax!
Sevgi ayəti ürəyə qondu.
15 Mart 2017
_________
İzah:
• Qabar-alın siyasəti: çecə-gündüz namaz qıldıqları üçün qədim ariflərin alnı qabar olarmış. İndi isə nadir hallarda İran dövlət adamları isti möhürlə alınlara damğa basırlar ki, xalqı aldatsınlar. Guya onların alnı xeyli namz qıldıqraı və səcdə edərkən alınalrını möhürə basdıqları üçün qabar olmuş. Bu, hökümət ideologiyasına daha sadiq qalmağın əlamətidir, baxmayaraq ki xalqın nifrətini oyadır.
• Ulu qavramlar (Hiest Goods): Tanrı, Din, Toplum, Millət, Sınıf, Soy və Vətən kimi məfhumlar “Ulu qavram” adlanır. Bu məfhumlar insanın səadətini təmin etməlidir, lakin güc strukturları bəzən insanı bu qavramlara fəda edirlər. Ərəb şairi Mahmud Dərviş deyir ki, “vətən zəginlərindər, vətənsevərlik isə yoxsulların!”
• Oxlos: antik Yunanistanda Oxlos formasız, güc quruluşlarında iştirakı olmayan kütlədir, Demos isə şəhər dövlətlərinin vətəndaşı. Demokratiya demosdan gəlmədir.
• Saat qabağı: Təbrizin mərkəzində yerləşən meydanın adı. Pişəvəri höküməti bu meydana baxan binada yerləşirdi.