İlham Hüseyn
19 yanvar mitinqindən sonra müşahidə etdiklərimiz nələrdi? Doğurdanmı islahatlara start verilib? Biz nəyə şükr etməliyik? Ümumiyyətlə, hər hansı islahat ömürlük hakimiyyətə haqq qazandırırmı?
Əziz həmvətənlər, əvvəla hər birinizin bayramını təbrik edir, hər bir evə bol ruzi arzulayır və bu tətil günlərində yuxarıdakı suallar ətrafında gəzişmək istəyirəm.
Məğlubiyyət haradan başlayır?
Məncə, bir xalqın məğlubiyyəti o zaman başlayır ki, həmin xalqı “biz islahata başlayırıq” təbliğatıyla sevindirmək mümkün olur. Çünki bir hökumətin vəzifəsi xalqın rifahını yaxşılaşdırmaq, dövləti layiqincə təmsil etmək, islahatla nəfəs almaqdır. Yəni, hökumət etməli olduğu işlərə görə vətəndaşa minnət qoya bilməz. Əksinə, bu kosmetik sərəncamlar hökumətin yarıtmaz idarəçiliyinin, uzun illərdi xalqı saymadığının etirafıdır. Əslində, hökumət xalqa izahat verməli, uzun illlərdi vətəndaşı səfil həyata sürükləməsinin səbəblərini açıqlamalıdır. Qısası, bu “xalqa yönəlik addımlar” dan sonra hökumət istefaya getməlidir. Hökumət faktiki olaraq öz məğlubiyyətini xalqa qalibiyyət kimi sıramaqdadır.
İslahatı harda axtaraq?
Başverənlərə ümumi tabloda baxdıqda, vəziyyət daha da acınacaqlı görünür. Real vəziyyət budur ki, real heç bir addım atılmayıb. Hələ də günahsız insanlar zindanda, hələ də korrupsioner məmurlar iş başında, hələ də monopoliya hakimdi, hələ də korrupsiya at oynadır, hələ də xalqın seçmək hüququ yoxdur, hələ də yaltaqlıq mükafatlandırılır, hələ də 50 faizlik artımdan sonra Ermənistan bizi əməkhaqqı məbləğində üstələyir, hələ də oğurlanmış milyardlar geri qaytarılmayıb və.s Sadəcə olaraq, oğurlanan məbləğdən 5-3 manat üstümüzə atıblar ki, aldanaq və susaq. Yəni, islahatın dirisi yoxdur, meyidini bizə göstəriblər.
Naşükrlüyün şükrləri
Bilirəm ki, atılan addımlara “buna da şükr”, “bu olmasaydı nə edərdik” formasında yanaşanlar da var. Əvvəla, Allahın verdiyinə səssiz qalıb, hökumətin aldığına şükr etmək naşükrlükdür. Allah bizə sərvətlərlə zəngin, gözəl təbiəti, əlverişli coğrafi mövqeyi olan ölkə nəsib edib. Bu ölkənin bütün sərvətlərini qamaralayıblar və bizə cüzi hissəsini göstərirlər. Belə olan halda şükr etmək günah deyilmi? Allahın bizə layiq gördüyünə sahib çıxmamağı, zülmə boyun əyməyi şükr etməklə sığortalmaq nankorluq deyilmi? Bu gözütoxluq deyil, gözüqırıqlıqdır, qorxaqlıqdır, köləliyə meylli olmaqdır. Bizim olanın az bir hissəsinin bizə qaytarılmasına şükr etməklə, naşükrlük edirik. Haqqımızdan imtina etmək də günahdı…..
Ən böyük səhvin doğuluşu
Gəlin elə təsəvvür edək ki, həqiqətən də islahatlara start verilib. Əvvəlki yanlışlar aradan qaldırılır. Buna görə seçmək haqqımızı güzəştə getməliyik? Buna görə ömürlük hakimiyyət həvəsinə düşənlərə yaşıl işıq yandırmalıyıq? Buna görə özümüzü borclu hiss etməliyik? Belə çıxır ki, Avropa ölkələrinin vətəndaşları hökumətin ayağına döşənməlidir. Çünki yüksək əməkhaqqı, keyfiyyətli təhsil və səhiyyə, hər şeydən üstün olan qanunlar, təhlükəsiz qida, istirahət, sosial müdafiə, təminatlı həyat və.s var.
Əziz həmvətənlər, ən böyük səhv o zaman doğulur ki, xalq hakimiyyətdən razı qalır və ona baş əyir. O zaman hökumətlər azğınlaşır, öz iradəsini hakim edir. Bizim həsədlə baxdığımız ölkələr ona görə bu səviyyəyə çatıblar ki, xalqın dəyənəyi hökumətin başının üstündə olub. O dəyənək təsirini itirəndə, dəyənək hökumətin əlinə keçir. Ona görə də sağlam düşünməli və düzgün nəticə çıxarmalıyıq. Uzun illərdən sonra yenidən tələyə düşməyək, aldanmayaq. Heç bir islahat ömürlük hakimiyyətə haqq qazandıra bilməz və qazandırmamalıdır. Seçmək və seçilmək hüququmuzun bərpa olunmasına görə mübarizə aparmalıyıq. Bütün problemlərin həlli buna bağlıdır. Süfrədə böyük tort varsa, bizi islahat konfetiylə aldada bilməməlidilər…..