“İlham Əliyev bu fürsəti də axıra qədər dəyərləndirmədi”

AXCP sədri Əli Kərimli Azadliq Radiosuna açıqlamasında ölkə başçısının 50 siyasi məhbusa da şamil olunan əfv sərəncamını dəyərləndirib:

“Əlbəttə, bu gün yaxşı gündür. Bəzi siyasi məhbuslar, o cümlədən mənim müavinlərim Gözəl Bayramlı, Fuad Qəhrəmanlı azad olunub. Bu, yaxşı xəbərdir, sevinirik, məmnunuq, amma yetərli deyil. Əslində, həm beynəlxalq ictimaiyyət, həm də Azərbaycan xalqı hakimiyyətdən tələb edirdi ki, nəhayət bu siyasi məhbus problemi öz həllini tapmalıdır. Ölkənin milli maraqları tələb edir ki, bu haqsızlıq aradan qalxsın. Bu insanlar onsuz da uzun illərdir haqsız yerə həbsdə saxlanılırlar. Çox təəssüf ki, İlham Əliyev bu fürsəti də axıra qədər dəyərləndirmədi.

Ölkə həbsxanalarında hələ də 100 nəfərdən artıq siyasi məhbus qalır. O cümlədən AXCP-nin buna qədər 13 üzvü siyasi məhbus idi. İndi onlardan 9 nəfəri həbsdə qalır.

Görülən işlər yetərli deyil. Siyasi məhbus problemi hələ də tam həllini tapmayıb. Mübarizəmiz davam etməlidir”.

Son illərdə heç vaxt olmadığı sayda siyasi məhbusun birdən azad edilməsinin səbəblərinə gəlincə, AXCP sədri burda bir neçə səbəb görür:

“Beynəlxalq birliklə hakimiyyət arasında gərginlik artırdı. Avropa Parlamentini qətnaməsi vardı və orda siyasi məhbusların azad edilməsi tələb olunurdu. ABŞ Dövlət Departamentinin bugünlərdə çıxan hesabatı da sərt və prinsipial idi. Avropa Şurası mütəmadi sözügedən mövzuya toxunur, məruzəşi belə təyin etmişdi. Digər tərəfdən siyasi məhbusların bu qədər çox olması ölkəni beynəlxalq təcridə gətirirdi.

Digər tərəfdən cəmiyyətin hakimiyyətə münasibəti sərtləşirdi. 19 yanvar mitinqindən sonra hakimiyyət anladı ki, beynəlxalq ictimaiyytlə yanaşı ölkə ictimaiyyəti ilə də hesablaşmaq lazımdır. Buna görə də sosial problemlərlə bağlı addım atıldı, ünsiyyətdə daha sivil forma seçildi. Görünür, bu sərəncam da həmin siyasətin davamıdır”.