Paşinyanın belə hərəkətlərinin səbəbkarı İlham Əliyevdir

Rafiq Manaflı

Respublika idarəçiliyi üçün ləyaqət, monarxiya üçün isə şərəf lazım olduğu qədər despotik hakimiyyətə qorxu lazımdır. Ləyaqət ona lazım deyil, şərəf isə onun üçün təhlükəlidir.
Şarl Lui Monteskye

Nikol Paşinyanın Qarabağla bağlı heç bir addımı siyasətçi addımı deyil və çox da uzaq olmayan perspektivlər üçün riskli addımlardır. Bu addımlar onun özünün Qarabağı münaqişə tərəflərindən birinə çevirmək istiqamətində verdiyi bəyanatlarla daban-dabana ziddir və daha çox onun qeyri-ciddi, populist obrazını formalaşdırır. Bununla belə, o özü üçün iki təhlükəni zərərsizləşdirmək məqsədi ilə odla oynamağı qəbul etmək məcburiyyətindədir.
Birincisi daxili faktordur. Bütün Ermənistan istiblişmenti kimi Paşinyan da Qarabağ ermənilərinə nifrət edir, Ermənistanda Qarabağ klanının sonuna çıxmaqda israrlıdır və bunu Qarabağda populist, siyasətdən uzaq addımlarla ört-basdır eləyir.
İkincisi diaspora faktorudur. Görünür Paşinyan Türkiyə ilə münasibətləri nizama salmağın Ermənistan üçün həyati əhəmiyyətini anlayır, bu istiqamətdə qəti addımlar atmaq niyyətindədir və bunu Azərbaycana qarşı aşağılayıcı, təhqiramiz ifadə və hərəkətlərlə pərdələməyə çalışır.
Təbii ki, bütün bunlar Paşinyanın problemləridir.
Və əgər qarşı tərəf kişi olsaydı, o belə addımları atmağı heç ağlına belə gətirməzdi. Amma nə qədər acı olsa da, şərəfsiz, ləyaqətsiz bir hakimiyyət Azərbaycanı belə maygülü vəziyyətə gətirib çıxarıb.
Bir tərəfdən İlham Əliyevin fərdi keyfiyyətləri – qorxaqlığı, tamahı, milli dəyərlərimizə düşmən kəsilməsi və dövlətçilik təfəkkürünün olmaması, digər tərəfdən başına topladığı sürünün naqislikləri, vəhşi instinktləri və nəhayət, bilərəkdən hakimiyyətin açar mövqelərinə yerləşdirdiyi Ermənistana, Rusiyaya, PKK-ya bağlı adamların məqsədyönlü fəaliyyəti Azərbaycanı o qədər miskin bir duruma salıb ki, düşmən onun heysiyyatı ilə oynamağa özündə cəsarət tapır.
Paşinyanın dövlətimizi və millətimizi belə saymazyana şəkildə aşağılamasının səbəbkarı İlham Əliyevdir. Və məni təhqir edən də Paşinyan deyil, o düşməndir. Mənim heysiyyatımı yerlə-yeksan edən məhz İlham Əliyevdir.
Düşmənlə üz-üzə mövqedə, səngərdə düz, yaxud əyilə-əyilə yerimək səngərin dərinliyindən və səngərdə gəzənin boyunun uzunluğundan asılıdır. Əgər səngərin dərinliyi və boyunun uzunluğu bir adamı qarşı tərəf üçün görünməz edirsə, əyilməyə heç bir ehtiyac yoxdur. Yox əgər uzundursa, başı səngərdən çıxırsa onun əyilməməyi cəsarət deyil, giclikdir. Bu müharibənin əvvəllərində “erməni nə zibildir ki” deyə ehtiyatsız davranan çox mərd oğullarımızı itirmişik.
Amma, o səngərdən 400 km uzaqda, ölkənin paytaxtında qorxusundan əyilə-əyilə yeriyən, sürünə-sürünə plastun gedən sərkərdə qorxaqdır, şərəf və ləyaqətin nə olduğunu bilmir.
Kişilikləri də yalnız Gözəl Bayramlının çantasına pul basıb onu şərləməyə çatır.