Ölkəni mütəşəkkil cinayətkar dəstə işğal edib

AXCP sədri Əli Kərimli Saleh Rüstəmlinin yaxınlarının əmlakının müsadirə olunması ilə bağlı facebook səhifəsində status paylaşıb. Ə.Kərimli yazır:

“Rejim daha bir qırmızı xətti keçdi. Heç kim susmasın!
İlham Əliyev repressiyaların yeni növünə start verib. Bu artıq hüquqdan tam imtinadır, düşmən elan edilənlərdən qisas alma feodal qaydalarına qayıdışdır. AXCP-yə, siyasi məhbus ailələrinə maddi kömək etdiyinə görə Saleh Rüstəmlinin şərlədilib, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi İlham Əliyevə kifayət etməyib. Heç bir hüquqi əsas və əsaslandırma olmadan Saleh bəyin bütün nəslinin əmlakı müsadirə olunub. Saleh bəyin bacı və qardaşları 50-60 yaşlarında orta yaşlı ailə, övlad, nəvə sahibi olan adamlardır. Bütün həyatları boyu işləyiblər. Heç zəngin də deyillər. Ancaq Bakıda və Gedəbəydə evləri, şəxsi istiafadə üçün torpaq sahələri var. İndi nəinki Saleh bəyin özünün, hətta bacısının, qardaşlarının, bacısı və qardaşı uşaqlarının bütün əmlakını müsadirə ediblər. Hətta Saleh bəy və bacı-qardaşlarının Gedəbəydəki ata evini, torpaq sahələrini belə müsadirə ediblər. Rejim 37-ci ilin “xalq düşmənlərilə” mübarizə taktikasını tam olaraq mənimsəyib, bircə qalıb, Şimali Koreyanın “xalq düşmənlərini” topa qoyub atmaq praktikası.
Etiraf edim ki, Saleh bəyin qohumlarının əmlakının müsadirə olunması haqda xəbərə əvvəl inanmamışdım. Bu yazını da ona görə gec yazdım. Peşəcə hüquqşünas olmağım imkan vermirdi ki, belə bir hüquqsuzluğu təsəvvür edim. Cinayət Məcəlləsinin 51.1. maddəsi birmənalı şəkildə müəyyənləşdirir ki, yalnız “məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələr, cinayətin predmetləri, habelə cinayət yolu ilə əldə etdiyi əmlak məcburi qaydada” müsadirə oluna bilər.
Aydındır ki, Saleh bəyin qohumlarının ev-eşiyi heç bir cinayətin törədilməsində “alət və vasitə” ola bilməzdi. Bəs Saleh bəyin qohumlarının, hətta ata evinin “cinayət yolu ilə əldə olunmuş” əmlak olduğunu kim və harada sübut etdi? Saleh Rüstəmlinin siyasi məhbuslara maddi kömək etməsinin onun qohumlarının 10-20-30 il bundan qabaq alınmış əmlaklarına nə aidiyyatı var? Adam hələ də inana bilmir ki, bütün bunlar dövlət adından edilir. Sanki ölkəni hansısa mütəşəkkil cinayətkar dəstə işğal edib, xalqı soyur, talayır, etiraz edənlərə, müqavimət göstərənlərə orta əsrlər sayağı divan tutur.
Bu qədər qəddarlığın səbəbi haqda düşündüm. Yəqin rejim bu qəddarlıqla iş adamlarını qorxutmaq, onlara göz dağı vermək istəyir ki, onlar heç bir halda risk edib, müxalifətə maddi dəstək verməsinlər. Ancaq yenə də xalqı, xalqımızın ədalətini unudublar, saya salmayıblar. Anlamayıblar ki, belə hərəkətlərlə rejim bir neçə min nəfəri qorxuda bilirsə, bir neçə yüz min nəfərdə də özünə qarşı nifrət yaradır. Əmin olun cənablar, bütün etdikləriniz bumeranq effektilə özünüzü vuracaq. Çox qalmayıb!”.