pul-korrupsiya

Azərbaycan hakimiyyətinin çirkli pulları İsveçdə də qalmaqal yaratdı

İsveçin “Swedbank”ı çirkli pulların yuyulmasında şübhəli bilinir. Bu barədə İsveçin STV telekanalı məlumat yayıb. Məlumatda deyilir ki, pulyuma əməliyyatı on ilə yaxın davam edib. Pulyuma əməliyyatı Danimarkanın “Danske bank”ının Baltika filialı ilə əlaqəli şəkildə həyata keçirilib.
Telekanalda yayımlanan “Uppdrag Granskning” proqramında bu haqda danışılarkən bildirilib ki, “Swedbank”la “Danske Bank” arasında maliyyə əməliyyatları təxminən 5.8 milyard avro təşkil edib. Onların arasında böyük qalmaqallarda adı hallanan şirkətlərdən köçürmələr də var. Məsələn, Rusiyada “Sergey Maqnitski” işi, Azərbaycanla bağlı “pulyuyan maşın” qalmaqalı. Azərbaycanla bağlı qalmaqalda bu ölkənin hakimiyyətinin qanunsuz yollarla əldə etdiyi var-dövlətin yuyulmasından söhbət gedirdi.
SVT telekanalının məlumatına görə, adları çəkilən banklar vasitəsilə çirkli pulların yuyulduğu güman edilən proses 2007-2015-ci illərdə həyata keçirilib.
Araşdırmalarda Latviyanın “Re:Baltika” Mərkəzi də iştirak edib. Onlar bildirir ki, “Swedbank”ın Latviya bölməsinin müştəriləri arasında şübhəli şirkətlər olub. Hesab edirlər ki, o şirkətlərin pulları və ya əsl sahibləri mütləq banka nəzarət edən şəxslərdə şübhə yaratmalıydı.
“Swedbank” çirkli pulların yuyulmasında iştirakla bağlı ittihamlara standart şəkildə cavab verib: “Biz çirkli pulların yuyulmasına qarşıyıq və bunu çox ciddi cinayət hesab edirik. Müasir bankçılıqda bu, bizim də çox ciddi mübarizə apardığımız hallardan biridir. Hərçənd, qanunsuz yollarla əldə olunan pulları yumaq istəyənlər daim yeni üsullar axtarıb tapmağa çalışırlar. Məsələn, maliyyə institutlarından istifadə etməyə cəhd göstərirlər. Ona görə də biz preventiv işləməyə üstünlük veririk. Bu, bizim üçün prioritetdir”.

Azadlıq.info