Aftandil Ağayevin həbsxanası… Bəlkə də açıq məktub

Zümrüd Yağmur

Yolunu, özünü itirmiş, ya da yanlış bir yola girmiş birini doğruya istiqamətləndirməyə inamımı illər öncə itirdim. Həyat, nə edə bilərik? Biz nə yazıq ki, müdrikləşməyi, təcrübələri yanlışlarımızdan və rastlaşdığımız, yaşadığımız pis və ya yaxşı hadisələrdən öyrənirik. Mənim də öyrəndiklərimdən biri bu…
Amma hər zaman bir “bəlkə” yə tutunmaq istəyən ümid, ya da inad, adını belə qoymaq istəmədiyimiz duyğu var. Və elə bu adını bilmədiyimiz duyğu içində də bu yazını yazdım…

***

Aftandil Ağayev, sizi ölkə nə yazıq ki yaxşı adam kimi tanımadı. Nə yazıq ki, siz adınızı ölkə tarixinin qara dönəmində ən zülmət yerə məhkum etdiniz. Bilirəm, bu kimi sözlər sizə uzaq və hətta ironik görünür. Doğruda da, tarixdən, gələcəkdən, yazılacaqlardan və ya deyiləcəklərdən, hətta Tanrıdan, qopa biləcək Qiyamətdən, verilməsi tələb oluna biləcək cavabdan sizə nə?! Əminəm ki, siz əlinizi hər səhər yuduğunuz kimi ruhunuzu yumağı unutmusunuz, bəlkə də sizin ruhunuza bir dəfə də olsun “su dəyməyib?!”
Yəqin ki övladlarınız var. Amma mən sizdən soruşmayacam ki, nə vaxtsa, hökmranlıq etdiyiniz Qobustan həbsxanasında hansısa məhkuma işgəncə verdiyiniz əlinizlə övladınızın başına sığal çəkmisinizmi?
Soruşmayacam, bəlkə də ona gərə ki, cavabı bilirəm. Bilirəm və üzülürəm, sizin adınıza deyil, övladınızın adına… Çünki gələcəkdə kitablardan atası haqqında oxuyanda biləcək ki, o başına sığal çəkən əldə necə insanın qanı olub.(((
Bəlkə də indi deyəcəyim sizə toxunacaq, amma lütfən, heç toxunmasın. Çünki illərdir yazmama, bu ölkədə olanlara etiraz etməmə rəğmən bir dəfə də olsun birinin ünvanına təhqir, hətta xoş olmayan ifadə belə işlətmədim. Bunu da xoş olmayan ifadə kimi qəbul etməyin. Amma yazmaya da bilmədim.
Yaxınınız olan hansısa bir xanım görəsən bilirmi ki, üzərində gəzdirdiyi bahalı almazlar əslində, o həbsxanada zülm etdiyiniz məhkumların analarının göz yaşıdır, daş olub onun boynundan asılıb?!

***

Bilirsinizmi, mənim heç bahalı qızılım, almazım olmadı, amma bundan heç üzülmədim, niyə, çünki mən hər gün, az qala hər gün “öz vicdanımı almaz kimi parıldada bilərəmmi?” deyə düşündüm. Düşündüm, istədim, arzu etdim, bəzən nail ola bildim, bəzən yox…
Siz bunu düşündünüzmü?
Heç düşünmədiniz eləmi?!
Tale Bağırzadə kimi işıqlı bir insanın sizin həbsxanaya “qonaq” göndərilməsi içinizdəki zülməti az da olsa aydınlatmadısa,…
Mövsüm Səmədov kimi səbr sahibinin əzmi ürəyinizə illərdir yüklənmiş kibri azaltmadısa,…
Abbasın anası Rəhimə Ananın göz yaşları sizin ruhunuzu yuya bilmədisə…
Cabbarın zəif düşmüş anası Səlimə xalanın acizliyi sizdə mərhəmət oyatmadısa…
Nə deyim?

Heyf, Tanrının lütfünü anlaya bilmədiniz…

***

İnanın, əgər etdiyiniz əməllər sizə qarşı ola biləcək acımaq duyğumu zədələməsəydi, sizin gələcək peşmançılığınızın miqyasını düşünüb üzülərdim. Siz bilməzsiniz, amma bəlkə də bu dünyada tək peşmançlıq hissdir ki, azalmır, əskilmir, əksinə… Peşmançılıq hissi bu dünyada insana ən “sadiq olan” duyğudur. heç özünü büzurə verməz, amma içində bir yerlərdə çığ kimi böyüyər, sonra qar uçqunu kimi hər şeyi qarşısına alıb sürüyər.
Əminəm, sizin də etdiklərinizdən peşman olacaq bir gün olacaq. Əminəm ki, bu gün hədsiz səlahiyyətlər, eqo və hökm etmək mümkünlüyü sizə elə bir böyüklük iddiası yükləyib ki, indi bunu düşünə bilməzsiniz.
Siz insanlıq yanınızı o “burda qanunlar bitir” deyib öyündüyünüz həbsxananın divarları arasında elə qanunları bitirdiyiniz kimi bitirmisiniz.
Amma kaş ki,bitirməyəydiniz, kaş ki, bu dünyanın qısa və bütün bu etdiklərinizə dəyəcək qədər qiymətli olmadığını anlayaydınız.
Kaş ki, bu dünyanın Nemrudunu, Neronunu xatılayaydınız….
Kaş ki, qanunları bitirməklə bitirdiyiniz insanlığınızı qoruya biləydiniz.
Bacarmadınız!
Və zalım olmağa alışdığınızdan indi bu sözlər sizə sönük görünür.
Bu gün üçün yazmadım zatən…
O gün üçün, peşman olacağınız gün üçün yazdm… Xatırlayacağınızdan da əminəm… Peşman olacağınızdan əmin olduğum kimi… Çünki bir yerdə insanlıq özünü rüşeym kimi saxlayıb.
Mükafatınız üçün deyil, cəzanız-peşmançılığınız üçün…
Bu gün həbsxana rəisisiniz, amma əmin olun, sabah da o peşmançılıq sizin həbsxananız olacaq.

P.S
Bir dəfə qəssablarla aparılmış kiçik bir sorğunu oxumuşdum. Hamısı eyni şeyi təkrar edirdi. İlk dəfə çətindi, sonra alışdıq…
Bu alışmaqlıq nə qədər qorxuludur. İlahi?!

Yazı müəllifin Facebook səhifəsindən götürülüb