Müdafiə Sənayesi Nazirliyi ləğv edilir

Bu qurumu prezidentin fərmanıyla yaradılan “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti əvəzləyəcək

Prezident İlham Əliyev bu gün – yanvarın 14-də “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılması haqqında fərman imzalayıb.

Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə sənayesinin inkişafının dayanıqlılığını təmin etmək, bu sahədə idarəetmə mexanizmlərini daha təkmilləşdirmək, habelə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan səmərəli istifadə etməklə Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaq məqsədilə Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” ASC yaradılır.

Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən – Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.

“Azərsilah” ASC “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Müdafiə Sənayesi Nazirliyi öz fəaliyyətini davam etdirəcək.

Azadliq.info