İlham Əliyev xalqımızı sınağa çəkir

Millət olaraq bu Allahlıq iddiasına düşənlərə çox aydın mesajımız olmalıdır

İlham Əliyev AXCP-ni, əslində isə bütövlükdə xalqımızı sınağa çəkir. Yalnız son bir ayda 10 nəfər partiya fəalı və ya veteranı həbs edilib. Xalq Cəbhəsi rejim üçün gerçək bir cəbhə xəttinə çevrilib. Çünki o da yaxşı bilir ki, ailə hakimiyyətilə mübarizənin ön cəbhəsində cəbhəçilərdir. Bu miqyaslı repressiyalarla sanki bizə deyir ki, çox cümhuriyyət, azadlıq, ədalət, xalq hakimiyyəti deyirsiniz. Kimdir bu istədiklərinizi sizə asanlıqla verən? O dediklərinizi alan xalqlar bilirsiniz, hansı mübarizələrdən keçiblər, hansı qurbanları veriblər? Məgər siz bir ovuc deyilsiniz? Məgər siz o qədər fədakar və cəsur ola bilərsiniz?

Buyurun, əziz həmvətənlər, söz sizindir. Cavabı hamılıqla verməliyik. Bu millətin qürurlu, mübariz övladlarının yalnız hazırda mübarizə meydanında olan minlərdən ibarət olmadığını rejimə nümayiş etdirmənin tam zamanıdır. Cümhuriyyətə, xalq hakimiyyətinə haqq etdiyimizi millətcə nümayiş etdirməliyik. İşğalçı ölkədə müxalifət lideri Paşinyanın həbsinə xalqın necə reaksiya verdiyini unutmamısınız? Bizim 150 nəfərdən artıq siyasi məhbusumuz bir Paşinyan qədər deyilmi gözümüzdə? Təbii, başa düşürəm ki, Ermənistanda olan azadlıqlar burada yoxdur, olsaydı, bizim də yüzminlərlə soydaşımız mübarizəyə atılardı. Ancaq ən azı bu etirazları virtualda etmək olar axı. Heç olmasa, ilk addım kimi feysbukda həmrəylik yaratmağa, girov götürülən əqidə adamları üçün hamılıqla mübarizəyə nə deyirsiniz? Bizim millət olaraq bu Allahlıq iddiasına düşənlərə çox aydın mesajımız olmalıdır: sülalə hakimiyyətinin əbədi olması ilə barışmayacağıq! Rəsulzadə respublikasını bərpa edəcəyik! Həbsxanalara gülə-gülə gedəcəyik! Həbs etdiyiniz 10 nəfər AXCP fəalının yerinə minlərlə insan mübarizəyə qatılacaq! Yüzləri həbs etsəniz, mübarizəyə 10 minlər, 100 minlər qatılacaq! Xalq olmanın, azadlıq, ədalət, xalq hakimiyyətini bərqərar etmənin düsturu budur! Biz də edəcəyik və bacaracağıq!