Həsən Kərimovun deputat mandatını oğurlayan şəxs Komitə sədri oldu

Hakimiyyətin “ağsaqqalı” Ramiz Mehdiyev Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun fəaliyyətinə iki qiymət yazandan sonra onun yerinə gəncəcik kadr təyin edilib. Bu gənc kadr 15 ildir Milli Məclisdə deputat yeri tutan Fuad Muradovdur. Həmin Muradov ki, hökumət 2005-ci il Milli Məclisə seçkilər zamanı AXCP-dən namizəd olan mərhum Həsən Kərimovun səslərini oğurlayaraq 26 yaşlı bu şəxsin adına yazmışdı. 29 saylı Səbail seçki dairəsində H. Kərimovun qalibiyyəti protokollarla təsdiq olunsa da, onun halal mandatı əlindən alınıb, Muradova verilmişdi. O səbəbə görə ki, Fuad Muradov hakim ailəyə çox yaxın adamlardan biri sayılır. Onun namizədliyinin də həyat yoldaşının yaxın rəfiqəsi olan Leyla Əliyeva tərəfindən irəli sürüldüyü bildirilir.

2005-ci ildə 29 saylı Səbail seçki dairəsində baş verən bu qanun pozuntusunu 2014-cü ildə Avropa Məhkəməsi də Həsən Kərimovun xeyrinə çıxardığı qərarla təsdiqlədi. Həmin qərarda AXCP Ali Məclisinin sədri H. Kərimovun 2005-ci il parlament seçkiləri ilə bağlı qalibiyyəti etiraf olundu və Azərbaycan hökuməti ciddi qanun pozuntusuna görə cərimələndi. Hökumət H. Kərimova vurulan mənəvi ziyana görə 7500 avro, əlavə xərclərə görə də 2544 avro ödəməli oldu.

Həsən Kərimov

Xatırladaq ki, F. Muradov Avropa Məhkəməsinin bu qərarına qədər 2010-cu ildə 29 saylı Səbail seçki dairəsindən ikinci dəfə deputat mandatı alıb. Qərardan sonra isə hökumətin planı əsasında onun namizədliyi 34 saylı Xətai ikinci Seçki dairəsindən irəli sürülüb. İndi kimsəyə sirr deyil ki, rəsmi şəkildə YAP-ı təmsil etməyən, MM-də bitərəf deputatlar siyahısında yer alan F. Muradovun Diasporla iş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunması onun hər hansı xüsusi bacarıqları ilə bağlı deyil. Muradovun hökumət üçün xüsusi önəm daşıyan bu yerə təyinatı yalnız onun hakim ailəyə yaxınlığı ilə bağlıdır. Gələcək fəaliyyətində əsas prioritet də, şübhəsiz ki, ölkə xaricində hakim ailəyə lobbiçilik etmək olacaq.

Samir