Sarkisyan bu gün müxalifət lideri ilə görüşəcək

Ermənistanda etiraz lideri Nikol Paşinyan deyib ki, aprelin 22-də keçmiş prezident və indiki baş nazir Serj Sarkisyanla görüşəcək.

Serj Sarkisyanın parlamentdə baş nazir seçilməsinə etirazların 9-cu günündə Paşinyan deyib: “Mən Serj Sarkisyanla onun istefası və hakimiyyətin dinc yolla ötürülməsi şərtlərini müzakirə etmək üçün görüşəcəyəm”.

O deyib ki, sözü gedən görüş yerli vaxtla səhər saat 10-da Yerevanın Marriott otelində keçirilməlidir.

Sarkisyanın ofisi bu informasiyanı hələlik təsdiq etməyib.

Lakin bundan əvvəl, aprelin 21-də Sarkisyan etiraz lideri ilə “siyasi dialoq” istədiyini bildirmişdi:

“Mən ölkə daxilində baş verən siyasi hadisələrdən narahatam. Geriyə qaytarılması mümkün olmayan itkilərə yol verməmək üçün mən Nikol Paşinyanı siyasi dialoqa və danışqılar masasına dəvət edirəm. Bu dərhal edilməlidir”.

Serj Sarkiyan 10 il prezident kürsüsündə oturduqdan sonra ölkənin baş naziri seçilib.

Müxalifət bu yolla onun ömürlük hakimiyyətini təmin etdiyini deyir.