ATENA-nın işçiləri şirkətin yeni sahibinə etiraz edirlər – VİDEO

“ATENA” şirkətinin yeni sahibi məhsulların satışı fəaliyyətini “Avrora” distribyutor şirkətinə ötürməyə qərar verib və işçilərin ixtisarı gözlənilir. “ATENA”nın satış ilə məşğul olan işçiləri bildirirlər ki, “Avrora” şirkətinin öz komandası olduğundan onlara bu şirkətdə yer yoxdur. “Bizə anidən xəbər verdilər. Bu qədər insanı işsiz qoymaqla, onların ailələrini çətin vəziyyətdə qoymq doğru deyil. Biz dövlət qrumlarından kömək istəyirik”, – işçilər bildirirlər. Ətraflı aşağıdakı videolarda.

2 ildir “Atropatena Group” QSC-nin İcraçı direktoru vəzifəsini icra edən Gökhan Becerikli “Marja“ya təqdim etdiyi yazılı açıqlamada bildirib ki, bu gün rəsmi olaraq heç bir işçi işdən çıxarılmamışdır:

 

““ATENA Group” Qapalı Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının 20 aprel 2018-ci il tarixli 4 saylı protokolu ilə qəbul edilmiş qərarına əsasən şirkətin zərərlərinin azaldılması, xərclərinin optimallaşdırılması və daha çox istehsala fokuslanmaq məqsədi ilə bugündən etibarən distribusiya və mühafizə xidmətləri kənar şirkətlərə ötürülmüşdür. Belə bir qərarın qəbul edilməsinə səbəb, şirkətin 2 ildən artıqdır zərərlə işləməsi, işçilər, banklar və təchizatçılar qarşısında öhdəliklərini vaxtında icra edə bilməməsi olmuşdur. Qəbul edilən qərar barədə işçilər məlumatlandırılmış və onlara bildirilmişdir ki, distribusiyanı qəbul edən şirkətdə onların işlə təmin edilmələri barədə danışıqlar aparılır. Rəsmi olaraq, bugün heç bir işçi işdən çıxarılmamışdır. Direktorlar Şurasının qərarının icrası zamanı hər hansı işçi ixtisar ediləcəyi təqdirdə Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq, kompensasiya ödəniləcək və digər imtiyazlar təqdim ediləcəkdir”.