Oqtay Gülalıyev İnsan Alverinə qarşı Mübarizə İdarəsində dindirilib

Hüquq müdafiəçisi “Azadliq.info”ya bildirib ki, İnsan Alverinə qarşı Mübarizə İdarəsində təxminən iki saat ərzində ona heç bir aidiyyəti olmayan cinayət işi üzrə dindirilib: “İstintaq sirrinin yayılmaması barədə iltizama imza atmışam deyə, bəzi məsələləri açıqlaya bilmərəm”.

O.Gülalıyev hesab edir ki, onun istintaqa cəlb olunması əslində, hüquq-müdafiə sahəsində gördüyü işlər, o cümlədən gənc fəal Fatimə Mövlamlıya qarşı baş verənlərlə əlaqədar hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciəti, sosial şəbəkələrdəki tənqidi statusları ilə əlaqədardır.

***

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oktay Gülalıyev DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə çağırılıb. Bu haqda Oktay Gülalıyev feysbuk səhifəsində məlumat yayıb:

“Azərbaycanda demək olar ki, bütün hüquq- mühafizə orqanlarına məxsus idarələrdə olmuşam. Dəvət ediblər, çağırıblar getmişəm. DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən savayı…

Sağ olsunlar, bu gün motivini mənə açıqlamaq istəmədikləri hansısa cinayət işinə görə (!?) məni bu idarəyə çağırıblar. Az öncə rəsmi çağırış vərəqəsi də gətirib təqdim etdilər. Vəkilimlə birgə saat 16. 00- da İdarədə olmağımı istəyirlər. Az sonra orda olacam. Bizim cavabını verə bilmədiyimiz sual yoxdur. Gedib suallarını cavablandırarıq. Görək nə istəyirlər. İstədim məlumatınız olsun.

Amma bundan daha vacib məsələ odur ki, başına gələnləri video müraciətlə ictimailəşdirdikdən sonra Fatimə xanıma və onun ailəsinə təzyiqlər artıb. Onlar böyük təzyiq və təhdid altındadırlar. Sizdən xahişim odur ki, Fatimə Mövlamlıya sahib çıxın. Ona dəstəyinizi əsirgəməyin. O gəncdir, hələ həyatın bərki- boşuna düşməyib.

Sağ olun, mübariz olun!”