ABŞ Suriyaya yeni mümkün zərbələr barədə xəbərdarlıq edib

Prezident Donald Trump Suriya hökumətinə xəbərdarlıq edib ki, kimyəvi hücumlar davam edəcəyi halda ABŞ növbəti dəfə zərbə endirməyə hazırdır.

Şənbə günü ABŞ, Britaniya və Fransa tərəfindən Duma şəhərində, güman edildiyi kimi, kimyəvi hücumun həyata keçirilməsinə cavab tədbiri olaraq Suriyanın 3 obyektinə zərbə endirilib.

Suriya hər hansı bir kimyəvi maddədən istifadəni inkar edir və hücumun üsyançılar tərəfindən səhnələşdirildiyini söyləyir.

Suriya müttəfiqi Rusiyanın hazırladığı və ABŞ-ın rəhbərliyi altında keçirilmiş hava zərbələrini pisləyən bəyanat BMT Təhlükəsizlik Şurasında səsvermə nəticəsində rədd edilib.

Rusiyanın hazırladığı bəyanat rədd edildikdən sonra ABŞ, Britaniya və Fransa tərəfindən BMT Təhlükəsizlik Şurasının üzvləri arasında Suriyanın kimyəvi silahdan istifadə etməsi iddiası ilə bağlı müstəqil araşdırma aparılamsına çağırış edən yeni bir qərar layihəsi paylanıb.

Həmin dövlətlər tərəfindən bundan əvvəl təklif edilən bənzər məzmunlu plana qarşı Rusiya veto tətbiq etmişdi.

Britaniyanın Baş naziri Theresa May Rusiyanın törətdiyi obstruksiyaya görə hərbi zərbə keçirməkdən başqa “digər bir mümkün alternativin qalmadığını” bildirib.