Yaxud köhnə komandanın yenilənmək siyasəti
Azərbaycanın dövlət başçısı İlham Əliyevin rəsmi www.president.az saytı martın 16-da dizaynını dəyişib. Başlıca dəyişiklik rəsmi saytda mətn şriftlərinin, başlıqların böyüdülməsidir.
President.az-da Xəbərlər, Sənədlər, Azərbaycan, Prezident, I vitse-prezident, Administrasiya, Müraciətlər rubrikaları, Foto və Video bölümləri yer alır.
Dövlət başçısı İlham Əliyevin tvitləri ayrıca guşədə verilir. Başqa bir bölümdə prezidentə məktub yazmaq olar.Saytlara keçid bölümündə bütün dövlət orqanlarının (parlament, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquq mühafizə qurumları və s.) internet resurslarını ziyarət etmək mümkündür.Prezident.az-da dövlət orqanlarına müraciət imkanı da yaradılıb(novator.az).
Həmişə müstəqil, müxalif yönümlü jurnalistləri peşəkar olmamaqda ittiham edən bu komandanın informasiya siyasətinin hansı durumda olduğu elə əsas saytlarından bəllidir. Başqalarını peşəkar olmamaqda ittiham edənlərin nə qədər diletant olduğunu bəzi faktlarla diqqətinizə çatdıraq.
Növbədənkənar prezident seçkisinə getməklə bağlı sərəncaam veriləndən bu saytda dəstək məktubları yerləşdirilir. Prezident təqaüdlərinin, maaşların, pensiyaların artırılmasıyla bağlı sərəncamlara anındaca reaksiya verilir, müxtəlif musiqi kollektivləri, ayrı-ayrı şəxslər adından təşəkkür məktubları yazılır. Bu məktubların çoxunun elə Prezident Administrasiyasında yazıldığı, eyni adamların klaviaturasından çıxdığı ilk cümlələrindən bilinir. İllərdir eyni işi görsələr də, peşəkarlıq “0” səviyyəsindədir. Özlərinə əziyyət verib yaltaqlıq məktublarında dəyişiklik də etmirlər, elə sovetdən qalma üslubdur.
Mart ayında saytın “Prezidentə yazırlar” bölməsində “Səbuhi İbayev və başqalarından” məktub yerləşdirilib. Görünür, məktub o qədər xoşlarına gəlib ki, onu təkrar-təkrar sayta qoyublar. Birinci məktub martın 7-də saat 16.00-da sayta yerləşdirilib. Martın 9-da saat 16.23-də yenidən sayta qoyulub. Yəqin sayta baxan “peşəkar” komandadan kimsə bunu görüb və “səhvi düzəldib”. Yazı yenidən martın 7-si tarixə keçirilib, ancaq saat 16.23-ə. İndi saytda həmin məktub martın 7-si tarixdə həm 16.00-da, həm də 16.23-də var. Hansından istəsəniz oxuya bilərsiniz. Birini oxumaq yetərlidir, eyni mətndir.
Saytın dizaynın yenilənməsi isə, görünür, qocalar komandasının şikayəti əsasında baş tutub. Doğrudan da saytda şriftlər çox kiçikdi və qoca adamların oxuması çətin idi. İndi, şükür, problem yoluna qoyulub, “Səbuhi İbayev və başqalarından” olan məktubu iri şriftlərlə də oxuya bilərsiniz; martın 7-də, saat 16.00 və 16.23-də.
Peşəkar komanda ayrı şeydir…
Azadliq.info