Bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 ili tamam olur. Nə yazıq ki, bu tarix YAP hakimiyyətinin vaxtına düşdü. Cümhuriyyət dəyərlərindən uzaq adamlar bu tarixi yubileylə bağlı yazırlar, danışırlar, ancaq cümhuriyyətçi, qurucu babalarımıza ürəklərindəki nifrəti də zaman-zaman üzə çıxarırlar. Tarixə ironiya olan Yaqub Mahmudov kimi tarixçilər siyasi hakimiyyətə xoş gəlmək üçün qurucu babalarımıza dil də uzadırlar.
25 ildir işğal altında olan Qarabağla bağlı bir addım atmayan, bir kəndi belə azad etməyən hakimiyyət Yerevanın, Zəngəzurun, Göyçənin qaytarılmasından danışır. İlham Əliyev cümhuriyyətçiləri torpaq satmaqda ittiham edir. Ancaq hərdən onlarla qürur duymaq gərəyi yaranır. Azərbaycan prezidenti VI Qlobal Bakı Forumundakı çıxışında deyib: “İki aydan sonra – mayda Azərbaycan Demokratik Respublikasının 100 illiyi qeyd olunacaq. Biz bundan qürur hissi keçiririk. Onlar müsəlman aləmində ilk demokratik respublika qurdular, bununla fəxr edirik”.
Hər bir dövlətin tarixində qürur duyulası günlər olur; Respublika Günü və Müstəqillik Günü kimi. Bu günlərin heç biri YAP adına bağlı deyil. YAP adına bağlı olmayan günlərsə bunların ən ağrılı yeridir. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada dövlətin Müstəqillik Günü bayram kimi qeyd olunmasın, Azərbaycandan başqa. YAP hakimiyyəti Müstəqillik Gününü rəsmi bayramlar sırasından çıxarıb, əvəzində girdirmə günlərə rəsmi bayram günü statusu verib. Çoxlarımız cümhuriyyətçi, qururcu babalarımızla qürur duyuruq. Ancaq min bir “müşkülatla” Şərqdə ilk demokratik cümhuriyyət quran o babalarımıza sayğısız münasibət də çoxlarımızın qəlbini göynədir. Bunlar Məhəmməd Əmin Rəsulzadə adı gələndə rahatsız olurlar, məqam düşən kimi min cür şər-böhtan atırlar ona. Adının çəkilməsini, xatirəsinin yaşadılmasını istəmirlər. Eləcə də onun silahdaşlarının.
“Müstəqilliyi qazanmaq onun qorunmasından daha asandır” – bu söz dillərinin əzbəridir. Uzun illərdir hakimiyyətdən dördəlli yapışanlar, yapçılar müstəqilliyin qazanılmasında rolu olmayan adamlardır. Qazanmadığınız bir şeyin nədən asan əldə olunduğunu düşünürsüz? Bu gün qoruyub saxladığınızla öyündüyünüzün adı nə vaxtdan müstəqil olub? Belə müstəqil dövlətmi olur? Hakimiyyəti qorumaqdan ötrü bütün var-yatır yad ciblərə axıdılır. Müstəqillik uğrunda mübarizə aparanlar, yarımcan olanlar hansı durumdadır, fərqindəsinizmi? Ölkə vətəndaşlarının başlıca məqsədi az-çox pul toplayıb bu dağılmışdan getməkdir. Rusiya, Türkiyə Avropa, Kanada, Avstraliya, Afrika… hara olur-olsun, təki burdan getsinlər. Sizin qoruyub saxladığınız müstəqillik budur. İndi adamlardan, sadə vətəndaşlardan bu sözlər tez-tez eşidilir: “bu vətən bizim deyil ki”. Dəhşətli sözlərdir. Neçə nəsli bu torpaqda yaşayan adamlar sizin ucbatınızdan Azərbaycana vətən kimi baxmır. Qoruyub saxladığınız Azərbaycan budur.
Azərbaycan prezidenti VI Qlobal Bakı Forumundakı çıxışında daha sonra bildirib ki, Azərbaycan xalqı azad cəmiyyətdə yaşamaq istədiyini sübut edib: “Respublikanın qurucuları elə bir cəmiyyət qurulmasını istəyirdilər ki, orada bütün insanların hüquqları qorunsun. Azərbaycan Xalq Cümhuriyyətinin bugünkü Azərbaycanın inkişafında rolu böyükdür. Onlar 100 il öncə mühüm qərarlar qəbul ediblər, məsələn, onlar qadınlara səsvermə hüququnun verilməsini qəbul ediblər. Bu, Avropa dövlətlərindən əvvəl olub. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu çox çəkmədi, iki ildən az oldu. Cümhuriyyətin süqutu bizə dərs oldu. Müstəqilliyi qazanmaq onun qorunmasından daha asandır. Azərbaycan bu gün sözün əsl mənasında tam müstəqil ölkədir. Gələcəklə bağlı qarşımızda çox aydın planlar var. Azərbaycan Demokratik Respublikasının qurucuları ölkənin bugünkü inkişafını görsəydilər, qürur hissi keçirərdilər…”
Bütün beynəlxalq hesabatlarda Azərbaycanın – qadına Avropadan da qabaq seçib-seçilmək hüququ verən ölkənin adı dal sıralarda gəlir, insan haqları ilə bağlı bütün hesabatlarda tənqid olunuruq, siyasi məhbusların sayına görə dünyanın “qabaqcıl” ölkələri ilə bir sırada dayanırıq. İqtisadi azadlıqlara görə axırıncı yerləri tuturuq. Məmurlarımız, istisnasız olaraq, rüşvət, korrupsiya bataqlığındadır. Cümhuriyyətçi, qurucu babamız Nəsib bəy Yusifbəyli baş nazir ola-ola dolanmaq üçün atasından pul istəyirdi. İndi istənilən sıradan bir icra başçısının, məmurun haram yolla qazandığı topdağıtmaz imperiyası var. Ötən əsrin o başında qadınlara səsvermə hüququ tanıyan qurucu babalarımızsa XXI əsrdə Azərbaycanda keçirilən seçkiləri görsələr, hansı hisslər keçirəcəklərini təsəvvür etmək çətin deyil.
Onlar bu Azərbaycanla heç vaxt qürur duya bilməz, necə ki, biz duymuruq…

Cümhuriyyət qurucuları ölkənin bugünkü inkişafını görsəydilər…
•