Blogger Tural Sadıqlının qardaşı saxlanılıb

”Günlərdir evimiz polis mühasirəsindədir”

Fevralın 23-də Almaniyada mühacir həyatı yaşayan Tural Sadıqlının qardaşı Elgiz Sadıqlı saxlanılıb. Onu 19-cu polis bölməsinin əməkdaşlarının iş yerindən apardığı deyilir.

Bu barədə Meydan TV-yə Elgiz Sadıqlının atası Əlövsət Sadıqlı məlumat verib.

O, oğlunun bu gün saat 16 radələrində aparıldığını bildirib:

“Yaşadığımız mənzil fevralın 18-dən polis mühasirəsindədir. Yalnız Elgiz Sadıqlı saxlanılandan sonra polis bizi rahat buraxıb. İlk günlər 8-10 maşın vardı, sonradan 2 maşın qaldı. Ancaq oğlum saxlanandan sonra evin ətrafında polis yoxdur. Onu 4-cü mikrorayonda, iş yerindən aparıblar. Elgiz haqda 2015-ci ildə çıxarılan 2 il şərti cəza dekabrda başa çatsa da, hüquq-mühafizə orqanları iyulda bitəcəyini iddia edirlər. Eyni zamanda, ölkədən çıxışına qadağa qoyulub”.

Ə.Sadıqlı saatlardır axtarsa da, oğlunu tapa bilmədiyini deyir:

“102-yə də zəng etmişəm. Heç bir məlumat ala bilmirəm. Onu 19-cu bölmənin əməkdaşları götürüb, amma boyunlarına almırlar. Hazırda bölmədəyəm”.

Elgiz Sadıqov 1978-ci ildə doğulub. O, jurnalistika fakültəsini bitirsə də, başqa sahədə çalışırdı.

Elgiz Sadıqlı 2015-ci ildə Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Haqqında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi ilə narkotik vasitələrin saxlanması və dövriyyəsi) cinayət işi açılaraq barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Ancaq Apelyasiya Məhkəməsi E.Sadıqlı haqda 2 il şərti cəza qərarı çıxartmaqla onu məhkəmə zalından azad edib.