Cəbhəçi alimin Türkiyədə kitabı çıxdı

“Torpağın qanı. Bakı neftinin qısa tarixi”

Türkiyədə tarixçi alim, AXCP Rəyasət Heyətinin üzvü, professor Elmira Muradəliyevanın “Torpağın qanı. Bakı neftinin qısa tarixi” adlı monoqrafiyası nəşr olunub. Kitab XIX əsrin sonlarından XX əsrin əvvəllərinə qədərki zaman kəsiyi arasında Azərbaycan neftinin tarixi proseslərdə oynadığı roldan bəhs edir. Müəllif qeyd edir ki, əgər neftin iqtisadi əhəmiyyəti XIX əsrin əvvəlindən başlayırsa, XX əsrin əvvəllərindən etibarən o, ingilis donanmasının maye yanacaqlarına keçməsi ilə əlaqədar hərbi-strateji əhəmiyyət daşımağa başlayır. Bununla da, növbəti onilliklər ərzində neft üzərində hegemonluq uğrunda mübarizə başlayır və o, xarici siyasətin aparıcı gücləri arasındakı siyasi oyunların mərkəzinə çıxır. Müəllif qeyd edir ki, Azərbaycanın neft ehtiyatları həm rus imperiyası zamanında, həm də onun varisi olan Sovet İttifaqı zamanında amansızcasına istismar edilib. Məsələn, İkinci Dünya Müharibəsi zamanı “inanılmaz texnologiya” ilə istehsal olunan Bakı neftindən geriyə ekoloji bir fəlakət miras qaldı. Tarixçi alimin sözlərinə görə, iki əsr iki əsr insanlığa xidmət edən Bakı neftinin əsl tarixi əhəmiyyəti qiymətləndirilmir. “Hesab edirəm ki, alternativ tarix yazmaq vaxtıdır. “Bakı nefti olmasaydı, II Dünya müharibəsində SSRİ-nin taleyi və bizim postsovet dövründəki tariximiz necə olacaqdı” sualının cavabı verilməlidir” –deyə müəllif vurğulayır.

Xatırladaq ki, bu, professor E. Muradəliyevanın sayca beşinci, Türkiyədə nəşr olunan ilk monoqrafiyasıdır.