“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi iki Azərbaycan bankının kreditləşməsinin baza qiymətləndirilməsi və uzunmüddətli depozit reytinqini endirib.
“Moody’s” “Bank Respublika”nın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini “B3” səviyyəsindən “Caa1” səviyyəsinədək, “Bank of Baku”nun analoji reytinqini isə “Caa1” səviyyəsindən “Caa3” səviyyəsinədək salıb.
“Bank Respublika”nın kreditləşməsinin baza qiymətləndirilməsi “b3” səviyyəsindən “caa1” səviyyəsinədək endirildiyi halda, “Bank of Baku”nun “caa1” səviyyəsində olan bu göstəricisi “caa3” səviyyəsinədək geriləyib.
Hər iki bankın reytinqi üzrə proqnoz neqativ olaraq qalıb.
“Moody’s” qeyd edir ki, cari ilin yanvar-noyabr ayları ərzində “Bank of Baku”nun xalis zərəri 35,2 mln. manata çatıb ki, bu da məcmu kapitalın kəskin azalaraq dekabrın 1-nə 24,8 mln. manata çatmasına səbəb olub. Başqa sözlə, bankın məcmu kapitalı minimal normativ tələbdən (50 mln. manat) azdır.
Bankın I dərəcəli kapitalı və kapitalın adekvatlıq əmsalı 3,8% (minimal tələb 5%) və 7,3%-dək (10%) azalıb.
Mərkəzi bankın rəhbəri Elman Rüstəmovun bankı kimi tanınmış “Bank Respublika”nın vəziyyətinin pisləşməsi bu sektorda ciddi problemlərin olması kimi qiymətləndirilməlidir.Ölkədə mövcud olan kəskin iqtisadi böhran bankların vəziyyətinin pisləşməsinə gətirib və bu proses dərinləşmıkdə davam edir.
“Bank of Baku” istehlak kreditləri sahəsində uzun illər ərzində aparıcı banklardan biri olub.Böyük neft pulları dövründə çiçəklənən bu bank neft qiymətləri kəskin azalandan sonra ağır böhranla qarşılaşdı. Bu amil vətəndaşların maddi həyat şəraitinin kəskin pisləşməsindən sonra ortaya çıxdı və bank iflas həddinə gəldi.
Qeyd etmək lazımdır ki, bir neçə gün bundan əvvəl BVF-nin Azərbaycana səfər etmiş bir nümayəndəsi açıq şəkildə bildirmişdi ki, ölkədə bank sektorunda ciddi problemlər var və onların həlli çox vacibdir.Belə tövsiyyələr nə qədər verilsə də hökumət bank sektorunda vəziyyəti heç cürə düzəldə bilmir.Buna səbəb isə ən yüksək səviyyədə real azad bazar münasibətlərinin formalaşmasına imkan verilməsini tələb edən iradənin olmamasıdır.