İran şahı demokrat Müsəddiqə qulaq assaydı…

Milli Şuranın sədri Cəmil Həsənli 20-ci əsrin ikinci yarısındakı İranın tarixinə qısa ekskurs edərək çox ibrətamiz məsələyə Facebook səhifəsində diqqəti cəlb etməyə çalışıb:

“Hələ 1944-cü ildə İranın gələcək milli lideri, XX əsrin böyük demokratlarından sayılan Məhəmməd Müsəddiq Məclisdəki çıxışlarında gənc Məhəmməd Reza şaha xəbərdarlıq edirdi ki, əgər gəminin kapitanı yalnız bir adamdırsa, hər dəfə insan öz vəzifəsini yerinə yetirmək qabiliyyətinə malik olmayanda və ya öləndə gəmi batmağa məhkumdur. Əgər gəminin çoxlu kapitanları olsa (hakimiyyət bölgüsünü nəzərdə tuturdu), ayrıca götürülmüş bir nəfərin xəstələnməsi və ya ölümü gəminin taleyinə heç bir təhlükə törədə bilməz. Heç bir xalq diktatorluğun kölgəsində bir yerə gedib çıxa bilməz. O, zaman şah ona qulaq asmadı, sonrası isə məlumdur. 1979-cu ilin yanvar ayının 16-da Tehranı tərk edən Məhəmməd Rza Pəhləvini nə ABŞ, nə İngiltərə, nə Fransa, nə də Rusiya qəbul etmədi. O, Misir, Mərakeş, Baham adaları, Panama, Meksikadan belə dolandı. Doktor Maykl Debeykanın təcili əməliyyatına baxmayaraq hər yerdə arzuolunmaz qonağa çevrilmiş Reza Pəhləvi 1980-cı ilin iyul ayının 27-də vəfat etdi. Budur XX əsrin ən böyük müstəbidlərindən birinin acınacaqlı taleyi, diktatorluğun sonu”.