Anar Bağırovu təbrik edirəm…

Zümrüd Yağmur

Vəkillər Kollegiyasına yeni sədr təyin edildi. “Təyin edildi” ifadəsini qətiyyən yanlış hesab etməyin, əksinə, mediyada “seçildi” deyə verilən məlumat düz deyil.Çünki Anar Bağırov o vəzifəyə təyin olunub, axı bu ölkədə uzun illərdir ki, kimsə seçilmir, məhz təyin olunur.
Anar Bağırovun “xidmətləri” haqqında bir necə gün əvvəl “Azadlıq” qəzetinin saytında geniş məqalə yazılmışdı. İnsafən, adamdakı “qabiliyyəti” də dəyərləndirmək lazımdı, təyin edilə bilmək üçün nə “qurban” lazımdırsa, onu da verib. Bu qurbanların da nədən ibarət olduğunu açmama gərək yox yəqin ki… Bu ölkədə vəzifə əldə etmək üçün nələr qurban verilir, hamı bilir zatən…
Anar Bağırov da təyin edildikdən sonra yəqin ki, hamı onu tərif atəşinə tutub, bəlkə tort kəsib şadyanalıq da ediblər. Hətta “ayy, bu tortu kim gətirib, nə yaxşı, nə yaxşı” deyib ətrafa heyrətlər də səpilib.
Beləmi olur seçki-seçki oyunu?
Düzü, indiyə qədər belə şoularda iştirakçı ola bilmək üçün Anar Bağırov kimilərinin verdiyi “qurban”ları verə bilmək “qabiliyyətimin” olmadığından təsəvvürlərim bir az kasaddır. Yəqin ki, buna görə kimsə məni qınamaz…
Anar Bağırovun sədrlik kürsüsünü qapması həm də bir müddət öncə Yalçın İmanovu Vəkillər Kollegiyasından xaric etmək üçün göstərdiyi canfəşanlığına görə aldığı “afərin”di və bu afərin Qurbanəli bəyin aldığı “malades”dən o qədər də fərqlənmir.
Amma vallah, Anar Bağırovu səmimi şəkildə təbrik edirəm. Niyə?! Çünki bu ölkədə Anar Bağırov kimi vəkilin qazana biləcəyi ən böyük şey elə bu ola bilər. Həmkarlarına qazdığı quyunun, ədaləti, həqiqəti və nəhayət prinsipləri və vəkillik adının verə biləcəyi qüruru “yuxarıların” ayağının altına atması hesabına onun əldə etdiyi budur.Zatən bunu da istəyirdi.
Qazandı da… O üzdən təbrik etməyə dəyər. Tam ciddi…
Əminəm, indi Anar Bağırovun telefonu susmur. Ətrafı onu təbrik edir.
Yəqin ki, Yalçın İmanovu da Vəkillər Kollegiyasından xaric edəndə onun da telefonu susmayıb…
İki vəkilin telefonuna gələn zənglər …
Biri “bağda ərik var”ın gətirdiyi, digərisə, “bağda ərik qurtardıqdan” sonra da gələn zənglər…
Qoy indi qiyməti Anar Bağırov özü versin… Düzgün qiymət üçüncə, ancaq bu suala cavab vermək lazımdır. İnşallah, bir gün onun da bağında ərik bitdikdən sonra indi zəng edənlər yenəmi onu axtaracaq?!
P.S
Yadınızdadırsa, Aydın Axundov adlı biri də Yalçın İmanova “güzgüyə baxmağı” tövsiyyə etmişdi.
Məncə, bu güzgüyə baxmaq daha da aktuallaşdı. Və Aydın Axundov sədrinə yubanmadan bir güzgü alıb bağışlamalıdır. Sədrinin adına və şəninə layiq.

Yazı müəllifin Facebook səhifəsindən götürülüb