Duyğulardan mühacirət

Zümrüd Yağmur

Bəzən qürur, bəzən üsyan, bəzən fərqlilk duyğusu, bəzən adilik utancı…

Bəzən bir sən olduğunu fərq etmək, bəzən də  hamı kimi olub hər kəsə qarışmaq aclığı…

Ömrün ümidlərin işartısındakı axışı…

Bəzən bizdən  arxada qalan  yola baxıb “bu yolu mənə qədər kimlər keçib getmiş?” sualının insan ruhuna  hopdurduğu kimsəsizlik və ya nakəslik hissi…

İçində səni qovuran, yandığıb yaxan,  o yolla gedər gəlməzə yollanıb  ruhundan mühacirətə gedən duyğularının geri dönüş yanğısı…

O müdhiş boşluq hissi…

Sənə açılmayan qollara sığınmaq çabası,  sənin olmayan qəlblərin ürək atışlarını dinləmək çəhdi, sənə söylənməyən “sevirəm” kəliməsini eşitmək  savaşı…

Sonra içinə bir qorxu çökər. Qorxuların ən böyüyü… Özündən yıxılmaq əndişəsinin ruhunda qopardığı təlatümü, fırtınanı kimsə görməsin deyə dodaqlarının arasında donub qalan kəlimələri paramparça edib onların yerinə başqa cümlələri qurmaq iradəsi…

Ya da ruhun çoxdan hicrət yaşadığı halda cismini dünyalıya çevirə bilmək gücü…

*

Tükənməməzlik hissi… İnsanın bu hissin içinə dolduracağı duyğu , ehtirası  necə daşıya biləcəyi qarşısında da qorxuları olur və bu qorxunun adı…

Gələcəyin alatoranlığı!

Bu qorxunun sənin nəfəsini kəsməsinə izn verməmək üçün özünə başqa bir gerçək uydurursan…

“Bəlkə alatoranlıqlar da gözəl…”

Bu yalana elə aldanmaq istərsən ki, özündən belə gizlənmək üçün elə alatoranlığa sığınarsan.

 

*

 

“Amma da vurnuxdum…”

 

Və bu insanı taqətdən salar.

Bu gün Kahlo haqqında düşündüm… Özünü özünə təslim etməklə şeytana təslim olmağın  heç fərqi yoxdur.

Çünki “özümüz” deyilən “məkan” da bir coğrafiyadır və

insan öz “çoğrafiyasına” bəzən o qədər yanlış insanları buraxır ki, o çoğrafiyadakı kəşf edilməmiş adalar belə cəhənnəmə çevrilir.

 

Havasızlıqdan boğulmağa başlayırsan!.

Sonra… Sonra içində paxır basmış kəlimlərin canlanıb  pərvazlanması üçün yenidən cəhd edirsən.

Ruhunda qaladığın atəşin istisindən xumarlana-xumarlana yalanları gerçək kimi özünə pıçıldayırsan.

Nağıl kimi…

Yorğun çöhrəndə bir təbəssüm oynaşar, birinin  sözlərə taxdığı qanadlara güvənib sanki göy üzünə qalxırsan.

Beləcə. özünü birinin dodaqları arasından çıxan kəlimlərdə qürbətə yollarsan..

Didərginlik başlar…

“Ruhun hicrət zamanıdır bəlkə, bu üzdən içindəki Vətən belə qürbət gəlir,… keçər” deyib özünə təskinlik vermək istərsən…

Bu didərginlikdə özünə təsəlli etmək üçün dediyin hər kəliməni köz kimi bağrına basarsan…

… Ki, atəşdən geyindiyin köynəkdə təğyiri-libas olasan…

*

Nə qədər çalışırsansa da qürbətin kifini könül pəncərəndən silib təmizləyə bilmirsən.

*

İnsanın ən böyük qürbəti içindəkidir.

Ən dərin ucurumu da ruhundakı…

Bəzən biz o qürbət və ya ucurumdan qorunmaq üçün bir sığınacaq arayırıq, tapdığımızı zənn etdiyimizdə ona sığınmağa çalışırıq. Amma sonra bəlli olur ki, o sığınacaq deyilmiş, sadəcə biz ucurumun kənarından yapışıb üz- üzə dayandığımız qayanı sığınacaq zənn etmişik.

*

Duyğularımız o qədər yorğun olur ki, özümüzü belə daşımaqdan yoruluruq. Özümüzü  özümüzdən siyirib  bir kənara buraxmaq, yolumuza özümüzsüz davam etmək istəyirik.

Özümüzdən süzülüb su kimi axmaq…

Daşıya bilmədiyimiz “sənin”  süzülərək  yad bir toprağa hopub birdəfəlik  məhv oluşunu izləmək …

O quru torpaq indi “O” mu olacaq?

Bunu belə bilmirik.  Əmin də deyilik.

Amma bu məhv oluş  yeni bir “mən” yarada bilər, ya da “məni” tamamən “mən” siz buraxar.

Ah,  bəlkə də ən yaxşısı o xarabalıqlarda qalmaq!…