Defis qaralamaqla büdcəni ağartmaq olarmı?

İlham Hüseyn

Azərbaycanda çoxdandır ki, uğur itkin düşüb.  Dünyanın hər yerindən uğursuzluqları tapıb, xalqa uğur kimi təqdim edirlər.  Demokratik dünya ilə əməkdaşlıqdan imtina edib, bütün məhsulların qiymətin qaldırıb,  sürətli ixtisarlar həyata keçirib, günahsız insanları zindana salıb, xarici borc yükünü artırıb və bütün bunların qarşılığında xalqa naməlum yarışlar təqdim ediblər. Yəni, başımıza qapaz vurub konfetimizi əlimizdən alırlar, əvəzində konfet kağızı verirlər. Uzun illərdi bu “uzaqgörən siyasət” davam edir.  Məsələn, əməkhaqqını 10 faiz artırıb, dərhal da kommunal xərcləri 100 faiz, ərzaq qiymətlərini 50 faiz artırmaq yalnız bizim hökumətin “kəşf”idir.

Amma hökumətin “uğur” göstəricisi təkcə bununla məhdudlaşmır. Son zamanlar “cərimə siyasəti” də uğurun yeni forması kimi ortaya çıxır. Biz ölkədən oğurlanan yüz milyardların izahatın istəyirik, hökumət “xalqı cərimələyib, büdcəni doldurarıq” deyir.

Biz  korrupsionerlərin cəzalandırılmasını, vəzifəsindən sui-istifadə edənlərin rədd edilməsini tələb edirik, hökumət günahsız adamların cəzalandırılmasına start verir. Büdcəni milyarder məmurların yox, kasıb xalqın cibiylə doldurmaq qərarı verilib.

Son günlər isə “islahat mələkləri”  sürücülərin hesabına böhranla mübarizə aparmağa başlayıblar. Hər gün xəbər tuturuq ki,  minlərlə sürücü müxtəlif pozuntular səbəbiylə cərimələnir. Sanki, sürücünün cibinə girmək üçün yeni pozuntu növü axtarırlar. Belə getsə, saçını yaxşı daramayan, alnında çapıq olan, ayaqqabısına toz yapışan sürücünü də cərimələyəcəklər. Məslən, son 13 gün ərzində dövlət nömrə nişanında olan defis simvoluna görə cərimələnən sürücülərin sayı 133 nəfəri ötüb. Məmur maaşıyla milyonluq villalar tikdirənlərin,  holdinqlər yaradanların dəmir qapısını döyən yoxdur, amma kasıbın taxta qapısını döyənək ediblər. Ölkədən oğurlanan 150 milyard dolları Əlinin, Vəlinin, Məhəmmədin qəpik-quruşuyla sığortalamaq həvəsinə düşüblər.

Büdcədə yekə “defis” işarəsi qoyanlar, xalqın taleyində “mötərizə” açanlar, dövlətin imicini qara “nöqtə”lərlə nişanlayanlar, avtomobilin nömrəsindəki defisin izinə düşüblər.

Sən demə, bu böyük qanun pozuntusuymuş və buna qarşı prinsipial mübarizə aparılır. 24 ildə bir nəfər korrupsionerin əməlində “nöqtə” tapa bilməyənlər, kasıb-kusubun avtomobilinin nömrəsində defis axtarırlar.

Əlbəttə,  qanunlara əməl olunmalıdır və belə bir qərar qəbul olunubsa, nömrə nişanlarındakı defislər standartalara uyğunlaşmalıdır. Amma Azərbaycan reallığında belə hallar qeyri-ciddi görünür, gülüş hədəfinə çevrilir. Bu qədər qara nöqtənin əhatəsində defis isahatı aparmaq, “fenomenal” hadisədir.

Vallah, defislə büdcəni doldurmaq olmaz, əsas odur ki,rüsvayçı idarəçiliyə nöqtə qoyulsun. Ölkənin imicindəki qara ləkələri ağartmadıqdan sonra, avtomobilin nömrəsindəki ağ defisləri qaraltmaq nəyi dəyişəcək?