Təhlükə ilə təhlükəsizlik anlaşması

Yaxud, Ramiz Mehdiyev bizi necə “sığorta”layır?

Biz hər dəfə Azərbaycan hakimiyyətinin “analoqsuz siyasət” arqumentini lağ obyektinə çevirsək də, reallıq bunun əksini göstərir. Yəni, Azərbaycan hakimiyyətinin həqiqətən də analoqu yoxdur. Bütün sahələrdə aparılan “islahat”lar göstərir ki, hakimiyyət “rəqib tanımır”. Hazırda 2017- ci il olsa da, hökumətimiz orta əsrlərə düşkünlüyünü gizlədə bilmir. Qanunlar kağız parçasına çevrilib, elementar hüquqlar təmin olunmur, talançılıq, yaltaqlıq, yalan dövlət siyasətinə çevrilib, insanlar siyasi baxışlarına görə cəzalandırılır və.s
İndi isə bir daha təsdiqlənir ki, hökumətimizin təhlükəsizliklə bağlı siyasəti də analoqsuzdu. Təbii ki, hökumətin dövlət təhlükəsizliyinə necə önəm verməsi MTN-də baş verənlərdən sonra daha çılpaq göründü. Məlum oldu ki, Milli Təhlükəsizlik Nazirliyi ən böyük təhlükə yuvası imiş. Bugünlərdə imzalanmış əməkdaşlıq planı da göstərir ki, təhlükəsizlik hökumət üçün “önəmli” məsələ olaraq qalır.
Belə ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının cari məsələlərini müzakirə edib və iki dövlətin təhlükəsizlik şuralarının, hüquq-mühafizə orqanlarının və xüsusi xidmətlərinin ekspertləri səviyyəsində daimi informasiya mübadiləsi və məsləhətləşmələr aparılmasını nəzərdə tutan əməkdaşlıq planı imzalayıblar.
Görəsən, Rusiya bizim təhlükəsizliyimizi necə təmin edəcək? Biz nəyə əsasən təhlükəsizliyimizi Rusiyaya əmanət edirik?
Fakt budur ki, Rusiya torpaqlarımızı işğal etmiş Ermənistanla ordularını birləşdirib və bu ölkəyə birmənalı dəstək verməyə davam edir. Fakt budur ki, Qarabağ münaqişəsinin həllinə məhz Rusiya imkan vermir. Fakt budur ki, dünyadakı münaqişə ocaqlarının kibrit çəkəni Rusiyadır. Amma bütün bunlara baxmayaraq düşmənimizin dostunu təhlükəsizlik mələyinə çevirməkdəyik.
Aydın görünür ki, burada dövlətin yox, hökumətin təhlükəsizliyindən söhbət gedir. Daha doğrusu dövləti təhlükəyə atmaq bahasına, hökuməti təhlükədən qorumaq siyasəti yürüdülür. Bugün demokratik dünyanın Rusiya ilə münasibətləri soyuqdur, Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edilir, bu ölkənin işğalçılıq siyasətinə etiraz edilir, ölkənin iqtisadi vəziyəti pisləşir və.s Belə olan halda Rusiya Azərbaycanın təhlükəsizliyinə necə zəmanət verə bilər?
Bəli, potensial təhlükə ilə təhlükəsizlik sazişi imzalamaq da analoqsuzluğun göstəricisidir. Avropa Birliyi ilə “Assosasiya sazişi” imzalamaqdan, ÜTT-yə üzvlükdən qaçıb, Rusiya ilə təhlükəsizlik sazişi imzalamaq hökumətin mahiyyətini bir daha aydın göstərir. Atılan bütün addımlar şəxsi maraqların təmin olunmasına, demokratiyadan qaçışa hesablanıb.
Xülasə, bu ölkə üçün ən böyük təhlükə, mövcud hakimiyyətin yürütdüyü siyasətdi

Akif