Haqlı müdafiə: Azadlığın “güllələnməsi”

Zümrüd Yağmur

İnsanın azadlıq arzusu hər zaman onun gerçək və sahib olduğundan, yaşaya biləcəyi azadlıqdan daha böyük, mənalı olur. Azadlığını itirmiş insanın azadlıq istəyi düşüncəsində mümkünləşir və bu azadlıq təsəvvürü xəyal gücündən asılı olduğu üçün real yaşam imkanlarını aşır. Beləcə, azadlıq idealı yaranır.
Bəlkə ona görədir ki, insan real azadlıq əldə edəndə bu ideal, arzu öz dəyərini itirir, adiləşir, öz ruhi cazibəsindən məhrum olur. İnsan heç zaman azadlığı arzuladığı, həsrət çəkdiyi kimi, coşğunluq və şövqlə, gündəlik, gerçək həyatda hiss edərək, zövqlə, ruhi təlatüm şəklində şirin bir vüsalla yaşaya bilmir.
Bəlkə də azadlığın ən böyük dəyəri onun arzu və həsrət səviyyəsindədi.
Yer üzündə heç nə (xüsusən gerçək olmadığı müddətdə) azadlıq qədər böyük həyacan, qarşısıalınmaz ehtiras, mənəvi ehtiyacla heç bir maneə qarşısında gücdən düşməyən ruhi cazibə ilə arzulanmır. Amma yəqin ki, heç nə də gerçəkləşdiyi andan başlayaraq azadlıq qədər adiləşmir, gözəgörünməz, varlığı hiss edilməz hala gəlmir. Azadlıq yalnız itirildikdən sonra gündəlik həyatın yeknəsəkliyindən, bitib tükənməyən qayğılar arasındakı görünməzlikdən, həyat qovğalarının insanın zehninin və duyğularını məşğul etməsindən ayrılaraq özlüyündə ən üstün, ən çox istənilən, arzulanan dəyərə çevrilir. Bəlkə də biz həyatın dəniz dalğaları kimi üstümüzə hüçum çəkən, bitib tükənməyən çətinlikləri, sıxıntı və məhdudiyyətləri, bizi tükədən zəhlətökən qayğıları, gözəgörünməz çərçivələri ilə insanı sıxan “olar-olmaz”ları üzündən azadlığı istədiyimiz kimi yaşaya bilmirik. Bütün bunlara görə real həyatdakı azadlıq arzu və təxəyyülümüzdəki azadlıq tablosinun rəng çalarları fonunda öz ağ, ya boz rəngi ilə sönük və bəsit görünür?!
Azadlığı insan üçün şirin edən səbəblərdən biri də onun xəyali gücündə, təsəvvür hüdudlarının intiharsız genişliyində, real həyat buxovlarından asılı olmayaraq öz gerçək kimliyini onda tapa bilməsidir. “Biz” dediyimiz anlayış çox zaman yaşadığımız həyata uyğun olaraq düşüncəmizə, əməllərimizə, davranışlarımıza yüklədiyimiz, olduğumuz mühitin tələblərinə uyğun olaraq özümüz üçün yazdığımız rolu sadəcə ifa etməyimizdir. Bu zaman əsil “biz” özünü tam olaraq göstərə bilmir. Beləcə, zaman keçdikcə təhtəlşürumuzda həyat şərtlərinin, qaydaların ağır təyziqi altında preslənmiş “biz” özünü yalnız real həyatın sınıq-salxaq, müxtəlif ölçü və tabularında, məhdudiyyətlərlə zorlanmış, ayaq altı edilmiş azadlığı itiridikdən sonra, ruhun pərvazlanaraq şüur və ağıl sərhədlərini aşaraq bizi götürdüyü yeni bir xəyali azadlıq dünyasında tapır.
Bəlkə buna görə məsələn, həbsxanada insan başqa bir zaman mümkün olmayan imkanı qazanır, öz gerçəyi ilə tanış ola bilir. Həbsxananın onlara verdiyi “azadlığın” çərçivələri içində rahatlıq tapıb Tanrının ona tanıdığını azadlığ sınırları içində olmağa üstünlük verirlər. Bu sınırlar onlara bayırda əməl edilməsi zor gələn sınırlar kimi gəlirdisə, həbsxanada azadlıqdan məhrum edilən özünü bir daha “azadlıqdan məhrum edib” Tanrının qaydalarına sığınrdı. Və bu “azadlıqdan məhrum etmə” həbsxanada olan üçün təsəlliyə çevrilir. Qatil olan dindara çevrilir hətta… Bayırda özünə sərhəd tanımayan, burda Tanrının sərhədlərinə, olmazlarına tabe olur. Bu dörd divarın insan kimliyində yaratdığı dəyişmədirmi, ya həyatdan qopub ayrılan, onun insana yüklədiyi yüklərdən azad olduqda özünə dönüşən insanın ruhunu dünyəvilkdən azad etmə çabalarımı?
Tanrı sığınacağa çevrilir.
Amma çox zaman da bu “sığınacaqdan” çıxan, həyata qarışan insanlar təkrar “insana dönüşüb” eyni şəkildə yenidən o yüklərin altında qalıb əzilməyə, başqalaşmağa, dörd divarın yaratdığı “insanlığın” qətlində iştirakçı olmağa davam edir.

*
Azadlıqla azğınlığın sınırları necə müəyyən edilir?
İnsan hiss və ehriraslarının, tələblərinin məhdudiyyətsiz hökmranlığı hər zaman azğınlığa yol açır. Bəlkə elə buna görədir ki, bəşəriyyət hamı üçün məqbul olan azadlıqla azğınlıq arasında sərhəddi tapmaq üçün azadlığın özünü bir anlayış kimi qadağa və məhdudiyyətlərlə, olmazlarla azadlıqdan məhrum edib.
Əslində, azadlığın “azadlıqdan məhrum edilməsi” azğınlığın hüdudsuzluqundan açılan güllədə onun məhv oluşunu əngəlləmək çabasıdır. Çünki azadlığın azğınlıq sınırlarına dayanması insanlığı qarşısı alınmaz bir bəlaya sürükləyər. “Azadlıqdan məhrum edilməyən azadlığın” məsələn, bir azlığı, hakimiyyəti gətirib çıxardığı nöqtə…Xalqlar hər zaman məhdud bir azlığın, diktatorun mütləq və sınırsız azadlığının qurbanlığına çevrilir. Bundan sonra da savaşlar başlayır, müstəbidi sınırsız azadlıqdan məhrum etmək üçün qurbanlar verilir.
Azadlıq əldə etmək üçün azadlığa qarşı savaş açılır. Amma bu mahiyyətdə azadlığın doğru sınırlarını tapmaq uğrunda savaşdı.

*
Qəribə paradoksdur. İnsan azadlıq uğrunda savaşır, üsyanlar edir, qanlar tökür, digər tərəfdən də qaydalar, onu məhdudlaşdıran adətlər, qanunlar yaradır.
Çünki azadlığın dərin qatlarındakı məhdudiyyətsizliyin nə qədər təhlikə daşıdığını hiss edir. Daha doğrusu, təhlükə azadlığın mahiyyətində deyil, insanın təbiətindədir, bu üzdən də məhdudiyyətlər olmadan özünü idarə edəcəyinə inanmayan insan özünün başqasına, başqasının da ona təhlükə yaradacağına əmin olduğundan azadlığı öz qaydaları ilə şikəst edib onu öz təbiətinə, həyat şərtlərinə uyğunlaşdırır.
Beləcə, azadlıq deyib heyranlıq duyduğumuz dəyəri, bizim mahiyyətimizdəki azğınlıqdan açılan gülləyə tuş gəlməsin deyə, “olmazlarla” şüşləyib özümüzdən qorumuş oluruq.