Nəsimi Məmmədli
Azərbaycanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəzi fikirlərini şərh etməzdən öncə, onun səfər proqramının verdiyi üstüörtülü mesajlar diqqətimi çəkdi.
Lavrov dövlətin yüksək vəzifəli rəsmiləri ilə yanaşı Azərbaycanın diplomatik korpusu üçün kadr hazırlayan və hakim ailənin birbaşa nəzarətində olan “ADA” Universitetinin tələbələri ilə də görüşüb.
Lavrovun bu görüşləri Rusiya-Azərbaycan hökumətlərinin çox sıx dostluğunun mesajıdır. Verilən bəyanatlardan da açıq görünür ki, bu strateji əməkdaşlığın mahiyyəti əsasən hökumətlərin korparativ maraqları ilə bağlıdır.
Lavrovun “Azərbaycan və Rusiya hər sahədə fəal şəkildə əməkdaşlıq edir” fikri olduqca düşündürücüdür. Azərbaycan xalqının və dövlətinin hansısa təməl maraqları ilə bağlı Rusiya ilə uğurlu əməkdaşlıq etdiyimizi söyləməyə çətinlik çəkirəm.
Heç kəsə sirr deyil ki ölkəmizin ən nəhəng problemi olan Qarabağ məsələsini Rusiya yaradıb və həllini yalnız öz maraqları çərçivəsində təsəvvür edir. Xəzər dənizinın hüquqi statusu ilə bağlı ən ciddi əngəl də elə Rusiyanın özüdür. Ölkəmizin böyük həcmdə karbohidrogen ehtiyatlarının çıxarılmasında və dünya bazarına daşınmasında Rusiyanın müsbət rolundan danışmaq isə gülünc olar. Bəlkə, ölkəmizə hansısa irihəcmli səramayələrin qoyulmasında Rusiyanın əsas payı var? Əlbətdə, reallıqda Rusiya ilə əməkdaşlığımız təəssüf ki yalnız onların dövlət maraqlarının qorunmasından və hökumətimizin özəl maraqlarından ibarətdir.
Əslində əməkdaşlığın gerçək mahiyyətini Lavrovun digər fikri çox aydın ifadə edir: “Biz beynəlxalq platformalarda eyni mövqedən çıxış edirik.” Əgər ölkəmizin heç bir təməl problemlərinin həllində Rusiyanın müsbət rolu yoxdursa, onda biz hansı məsələlərdə beynəlxalq platformalarda eyni mövqedən çıxış edirik?
Təəssüf ki bu əməkdaşlığın dövlətimizin və xalqımızın maraqları ilə bağlı olmadığı qənaəti də ortadadır. İnsan hüquq və azadlıqlarının boğulması, demokratik inkişafın qarşısının alınması, azad seçkinin sıradan çıxarılması və azad medianın susdurulması istiqamətində fəal əməkdaşlığımız yəqin ki istisna deyil. Dünyada öz ölkələrinin fəal vətəndaşlarına siyasi ayrıseçkilik edərək divan tutan antidemokratik rejimlərin nəhəng ittifaqı və əməkdaşlığı görünməkdədir.
Sergey Lavrovun səfəri həm də Azərbaycanın Avrasiya İqtisadi İttifaqında təmsil olunması istiqamətində intensiv danışıqların aparıldığına işarədir. Bu barədə onun bəyanatlarından da aydın nəticə çıxarmaq mümkündür. Rusiya öz maraqlarının təminatı naminə Azərbaycan hökumətinə “Dağlıq Qarabağ münaqişəsi” ilə təzyiq etməklə yanaşı, həm də bütün vasitələrlə çalışır ki tezliklə Qərbi bu regondan tamamilə çıxarsın və Azərbaycanı bütövlükdə öz iqtisadi-siyasi çətiri altına alsın. Bu istiqamətdə İranın da Rusiya ilə eyni mövqedə olması ölkəmizə yaxşı sonluq vəd etmir.
Xüsusilə də diqqət etsək görərik ki, son vaxtlar məhz Azərbaycan hökuməti də Qərblə siyasi münasibətlərinə yenidən baxmağa, onunla məsafəli davranmağa çox həvəslənib. Halbuki Azərbaycanın ən nəhəng ticari-iqtisadi tərəfdaşlarından biri məhz Qərbdir. Dövlət Statistika Komitəsinin bu ilin noyabr ayına açıqladığı statistika göstərir ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin 35,7 faizi Avropa İttifaqı ölkələrinin payına düşür. MDB üzvü olan dövlətlərlə isə cəmi 13,2 faiz təşkil edir. Rusiya ilə bu göstərici müvafiq olaraq 5,1 faiz təşkil edib. Əgər hökumət Avrasiya İqtisadi İttifaqına qoşularsa, bu, Avropa ilə iqtisadi münasibətlərimizə çox böyük zərbə vuracaq və ölkəmizi tamamilə Rusiyanın asılılığına salaraq, iqtisadi baxımdan çökdürəcək.