Saxtakarlar bunu bacarar

Vahid Məhərrəmov

Hakimiyyətin pambıq siyasəti bu il də iflasa uğradı. Dövlət Statistika Komitəsinin təqdim etdiyi operativ məlumata əsasən 7 noyabr 2017-ci il tarixə qədər ölkədə 136,5 min hektar sahədən 168,5 min ton pambıq tədarük olunub. Bu o deməkdir ki, bu müddət ərzində hər hektar sahədən 1253 kiloqram pambıq yığılıb.

Xatırladım ki, 2015-cı ilin eyni dövrü ərzində hər hektardan1603 kiloqram pambıq tədarük olunmuşdu. 2015-ci ilin göstəricisi ilə müqayisədə bu il hər hektardan 28 faiz az məhsul əldə olunub. Onu da xatırladım ki, hələ keçən il Sabirabadda pambıq müşavirəsində İlham Əliyev hər hektardan 3-3,5 ton, hətta 4 ton pambıq əldə olunacağına söz vermişdi. Həmin müşavirədə İlham Əliyev demişdi: “Əgər keçən il hektardan məhsuldarlıq 20 sentner idisə, hesab edirəm ki, biz görüləcək tədbirlər nəticəsində bunu təqribən 30-35, bəlkə də 40 sentnerə qaldıra bilərik”. Görüləcək tədbirlər üçün dövlət büdcəsindən ayrılan vəsaitlər isə milyonlarla ölçülür. Bu ilin mart ayında Saatlı şəhərində keçirilən pambıq müşavirəsində İlham Əliyev etiraf edərək demişdi: “Biz pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləyəcəyik”.

Pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləyən hakimiyyət 4 aya yaxın müddət ərzində hər hektar sahədən 1253 kiloqram pambıq əldə edib. Məqsədi isə hər hektardan 4 ton pambıq yığmaq olub. Gülməlidir. Bu hesabla qarşıya qoyulan məqsədə nail olmaq üçün ilin 365 günü bəs etməz. Ölkədə olmayan pambığı yığmaq üçün illik təqvimə “çatışmayan” aylar, günlər əlavə etmək olar. Saxtakarlar bunu bacarar