Mədəniyyət işçisinin daxili dünyası

Rövşən Hacıbəyli

“Şeksprin vaxtında mədəniyyət naziri kim imiş görən?”

Yeji Lets, polyak şairi, filosof, satirik yazıçı

Sovetlər çağında rayonlardan birində mədəniyyət evinin İman adlı müdiri varmış. Mədəni baxımdan daxili dünyası o qədər zəngin imiş ki, adamın adının qabağına eşşək sözü əlavə olunubmuş, bütün rayon da onu bu adla tanıyırmış. Yaxşı ki, indi o şeylər yığışılıb, mədəniyyət çox inkişaf etdiyindən rayonlarda, kəndlərdə mədəniyyət evlərinə ehtiyac qalmayıb. O evlər ya satılıb, ya da təyinatı dəyişdirilib. İndi rayonlarda daha çox kitabxanalar fəaliyyətdədir; heç kimin baş vurmadığı məkanlar.

Bu kitabxanalara kitablar Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə verilir. Köhnə, kiril əlifbası ilə buraxılan kitabları o kitabxanalardan çoxdan yığışdırıblar, onların yerinə latın qrafikası ilə buraxılan (hakimiyyətdəkilərin istəyinə uyğun) kitablar qoyulur. O kitablar da Nazirliyin hədiyyəsi kimi verilir. Bunu da anlamaq çox çətindir, dövlət büdcəsindən ayrılmış vəsait hesabına çap olunan kitablar yenə dövlət büdcəsi hesabına alınıb kitabxanalara “hədiyyə” olunur. Qiymətlər də pis deyil: 30, 40, 50, 70, bəzən daha yüksək. Üstəlik, hakimiyyət yandaşları da yüksək qiymət qoyduqları kitablarını bu üsulla kitabxanalara “hədiyyə” edirlər. Kiminsə yolu düşəndə baxa bilər, onların heç qatı açılmır.

Ümumiyyətlə, kitabxanlara yolu düşənlər yox dərəcəsindədir. Təhsilsizlik səbəbindən, sosial problemlər ucbatından adamların belə məkanlara baş vurmaq heç ağlının ucundan belə keçmir. Səviyyəsiz müğənilərin, düşük aktyorların əttökən konsertlərinin anşlaqla keçməsiylə ölçülmür daxili dünya, mənəvi zənginlik. İndiyə qədər kimsə mədəniyyət nazirinin təhsil problemi ilə bağlı iradını, etirazını eşitməyib. Aktyorların maaş problemi, tarixi binaların, abidələrin sökülməsi, belə binalardan birində məskunlaşan “YUĞ” teatrının bayıra atılması, mədəniyyətin kökünün qazılması, telekanallarda mənəviyyatsızlığın təbliği nazirin daxili dünyasına heç vaxt toxunmayıb. Əslində, belə bir ortamın yaranmasında rolu olanlardan biri də 11 illik mədəniyyət naziri stajıyla Əbülfəs Qarayedir.

Baş verənlərə susub, ancaq 3 aktyorun təməl hüquqlardan yararlanaraq istədiyi tədbirə getməsi bu nazirin ciddi narazılığına səbəb olub: “Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil… Əgər dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik. Axırıncı baş verənlər olduqca təəssüfləndirici haldır”. Burada təəssüf olunası yeganə şey Əbülfəs Qarayevin – mədəniyyət nazirinin bu şəkildə reaksiyasıdır. Dövlət mükafatları sənətə, xidmətə görə verilir, özünüz də belə deyirsiniz, bununsa adamın mövqeyinə dəxli yoxdur. Ölkədə baş verənlər vətəndaş olaraq hər kəsi maraqlandırmalı, haqsızlığa qarşı hər kəs mübarizə aparmalıdır; onun aktyor, nazir, məmur, fəhlə, jurnalist, müəllim, təqaüdçü, alim və s. olmasının heç önəmi yoxdur, layiqli vətəndaş olmaq yetərlidir…

“Gücün kimin tərəfində olmasının mənim üçün önəmi yoxdur, önəmlisi odur ki, haqq kimin tərəfindədir” – bunu da Viktor Hüqo deyib.