Konstruktiv təsəlli

Ilham Hüseyn

Prezidentlərin Cenevrə görüşü də başa çatdı. Qarabağla bağlı səs-səda dünyanın müxtəlif ölkələrindən gəlsə də, özünün yalnız iniltisi eşidilir. Çünki, düşmən tapdağı altında qalan torpaqdan məlahətli səs çıxmaz.

24 ildir ki, Azərbaycan cəmiyyəti Qarabağla bağlı danışıq getdiyini eşidir. Hər dəfə bu danışıqlar prosesindən fotolar yayılır, yerli telekanallar diplomatiyamızı Everst zirvəsinə qaldırır, hökumət sözçüləri Sarkisyanı nokaut edir və nəticədə Qarabağ yenə də o tərəfdə qalır. Təbii ki, Cenevrə görüşündən də hər hansı sürpriz gözləmirdik. Amma XİN-in bəyanatındakı “təsəlli”yə və Novruz Məmmədovun statusundakı gileyə biganə qala bilmədim.

Bəli, 25 illik həsrətdən sonra XİN bəyanat verir ki, görüş konstruktiv keçib. Saatlarla davam edən görüşdə qərara alınıb ki, cəbhə bölgəsində gərginliyin azaldılması üçün müəyyən addımlar atılmalıdır.Yəni, torpaqların işğaldan azad edilməsi, atəşkəs pozuntusuna son qoyulması istiqamətində hər hansı razılıq əldə olunmayıb. Sadəcə olaraq qərara gəliblər ki, atəşkəs pozuntusu hər gün 150-200 dəfə yox, 70-80 dəfə olsun. Molla Nəsrəddinin çəkilmiş dairədən ayağını kənara qoya bilməsi, bizim vəziyətin yanında daha proqressiv addım sayılmalıdır.

Amma məəslə “konstruktiv təsəlli” ilə də yekunlaşmayıb. Sarkisyan görüşdən sonra açıqlama verib və konstruktivliyə “quş” qoyub. Bundan hiddətlənən Novruz Məmmədov isə “facebook”da atəşkəsi pozub: “Təəssüflər olsun ki, S. Sarkisyan yenə öz ampluasındadır. Adətinə uyğun olaraq, danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır. Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o, bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa, həmsədrlərdən və ATƏT -in nümayəndəsindən utanaydı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir”- deyə Novruz Məmmədov yazıb.

25 ildir ki, status-kvo dəyişməz qalır. Deməli, bütün danışıq prosesləri düşmənin xeyirinə yekunlaşıb. Bizim təsəllimiz isə atəşkəs pozuntusunun azalması, 30-40 adamın Ermənistanı tərk etməsi, dilimizdə “lazım” sözünün olmasıdır.

Yeri gəlmişkən, Sarkisyan görüşdən sonra Ermənistanın İsveçrədəki səfirləyinə gedib və erməni diasporunun nümayəndələri qarşısında bunları söyləyib: “İlham Əliyevlə bizim Qarabağ probleminin həlli üçün variantımız yoxdur. Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun”.

Bir sözlə, Ermənistan rəhbərliyi bu dəfə də etiraf etdi ki, Qarabağ danışıqları sadəcə görüntü xarakteri daşıyır. Yəni, 24 illik danışıq prosesi Qarabağı Azərbaycana yaxınlaşdıra bilməyib, əksinə Ermənistanın bu torpaqları özününküləşdirməsinə şərait yaradıb.

Hökumətimiz müharibə cəbhəsini nəzarətsiz qoyub və bütün nəzarəti müxalifət cəbhəsinə yönəldib. 20 faiz torpağın azadlığa çıxmasından daha çox, 20 müxalifətçinin azadlığının məhdudlaşdırılması prioritet olub. 

P.S Əsas odur ki, ölüm-itim olmayıb, Cenevrə görüşü konstruktiv mühitdə keçib.