Dil bilgisi olmayanların Dil dartışması!

Xaliq Bahadır

Bir neçə gün qabaq dillə bağlı yazı yazmışdım. Yazıya qarşılı verənlərdən biri – Əlizaman Baxis görün nə yazır: “Dilimizdə ərəb, fars, rus, hətta Avropa xalqlarının dilindən keçmiş 10 minlərlə söz vardır, onlarsız dilimiz çox kasıb görünər, dilimiz pəltək olar.) Seçimi xalq eləməli, dilçilərimiz ədəbi dil normalarına uyğunlaşdırıb nizamlamalıdırlar! Danışıq dilində sözlər nə qədər rahat otursa, insan da bir o qədər fikrini sərbəst və rahat ifadə edər! Dildə omonimlərin, sinonimlərin, antonimlərin sayı çox olduqca nitq də anlaşıqlı və rəvan olur. Dilimizi novator, yenilikçi, nə bilim, millilik, vətəndaş mövqeyi və sair pafoslu şüarlarla çətinləşdirməyə çalışmaq lazım deyil !!Xalqın özgə qayğıları onsuz da başından aşır…!”
Gözlədim görüm bizim çoxsaylı dilçilərimizdən kimsə özünü böyük dil bilgini sayan bu adamın yanlışdan yanlış düşüncəsinə qarşı çıxacaqmı – çıxan olmadı! Nədən? Görünür, gerçək-yurdsevər dilçi yoxluğundan! Bəri başdan deyirəm: onun “10 minləri” yalandır. “Onlarsız dilimiz çox kasıb görünər, dilimiz pəltək olar”, – dilimizi yetərincə bilməmək görsənişidir. Belə yersiz yanaşmalara qarşılıq olarq dönə-dönə yazmışam: Yer üzündə bütünlüklə arı dil yoxdur, ola da bilməz – dünya uluslarının milyon illik çeşidli ilişkiləri üzündən. Biz dilimizi gəlmə sözlərdən bütünlüklə arıtmağa çalışmırıq, çağırmırıq: biz dilimizdə qarşılığı olan sözlərin yerinə gəlmə sözlərdən, başlıcası da dilimizə bütünlüklə yersiz yerə soxulmuş ərəb-fars sözlərindən dilimizin arındırılmasına çalışır, çağırırıq. Belə bir açıq-aydın gerçəyi anlamaq çoxmu çətindir?! Yoxsa, biriləri bilmədən, anlamadan özlərini göstərmək üçün eləcə söz güləşdirmə xəstəliyinə tutulublar?! Dönə-dönə yazmışam, bir daha yazıram: mən polemikaya açıq adamam, ancaq, ortadakı qonunu bilib-anlayanlarla, “Molla Nəsrəddini bazarda görsünlər” istəyi ilə boş-boşuna özünü göstərməyə çalışanlarla yox. Belələrini söz güləşdirməsinə keçən görürkən bloka atıram – “get kef elə”!
“Seçimi xalq eləməli, dilçilərimiz ədəbi dil normalarına uyğunlaşdırıb nizamlamalıdırlar!” Bütünlüklə yanlışdir – çağdaşlıqdan çox-çox uzaq, Orta çağ düşüncəsidir. Xalq indi rejimin çox aktuallaşdırdığı pambıq əkinində toxum seçimi edə bilər. Xalq indi rejimin yararsızcasına-yaramazcasına arxa plana keçirdiyi heyvançılıqla bağlı seçim edə bilər. 21-ci yüzillikdə dil-söz seçimi dövlətin, dilçilərin, ayrıca olaraq Ulusal Bilimlər Akademiyasının (Milli Elmlər Akademiyası) Dilçilik Qurumunun (Dilçilik İnstitutunun) GÖRƏV borcudur! Sən belə bir açıq gerçəyi bilmirsənsə, nədən danışırsan?!
“Danışıq dilində sözlər nə qədər rahat otursa, insan da bir o qədər fikrini sərbəst və rahat ifadə edər!” Bu sayaq görsənişlərə gəlişigözəl sözlər deyirlər. Yazdığının çoxu ərəb-fars sözləridir, “fikrini sərbəst, rahat ifadə etməkdən” danışır. Yer üzünün ən dolğun, ən gözəl, ən axıcı dilinin yiyəsi olasan, bu sayaq gəlmə söz bazarı açasan!
“Dildə omonimlərin, sinonimlərin, antonimlərin sayı çox olduqca nitq də anlaşıqlı və rəvan olur”. Böyük Türk-Özbək şairi Əlişir Nəvainin gənclərə gözəl bir başvurusu var. XV yüzillikdə yaşamış Nəvai üzünü çağının gəncliyinə tutaraq deyir: “Siz özünüzü yanlış olaraq Özbək adlandırırsız, Özbək bölücü, qondarma addır siz Türksüz, böyük Türk ulusunun bir parçasısız. Siz dünyanın ən dolğun, ən gözəl Türk dilini qoyub, fars dilində danışmağa üstünlük verirsiz – yanlış yoldasız” Fars dilini gözəl bilən Nəvai ayrı-ayrı sözlərin üzərində dayanmaqla, fars dili ilə Türk dilini tutuşdurur, Nəvai “ağlamaq” sözünün fars dilində bircə dənə, Türk dilində 17 anlamı olduğunu göstərir – elə belə yox, bircə-bircə! (Kim istəsə gedib tapıb oxuya bilər).
“Dilimizi novator, yenilikçi, nə bilim, millilik, vətəndaş mövqeyi və sair pafoslu şüarlarla çətinləşdirməyə çalışmaq lazım deyil!!”, – özünü böyük dil bilicisi sayan adamın ard-arda iki frazasına baxın: adam nə dediyini özü də anlamır.
“Xalqın özgə qayğıları onsuz da başından aşır…!” “Xalq” adına özünü, gerçək kimliyini qoydu ortaya – rejimin, rejim nökərlərinin yaxşı yaşamaq istəyində olan xalqı aldatmağa yönəlik çoxillik propaqandası: “Bizim Qarabağ dərdimiz var”!
Hakimiyət başında duranlar illərlə xalqı, dövlət büdcəsini soyub-yağmalamaqla ölkəni yoxsulluq bataqlığına batırıb Qarabağdan uzaqlaşdırdıqca uzaqlaşdırmalı, xalq yaxşı yaşamaq istrəyini ortaya qoyanda “Bizim Qarabağ dərdimiz var!”, kimi bir yalanla ona qarşılıq verilməli, kimlərsə də belə bir axarda bizim qarşımıza çıxmalıdırlar…
Mən ötən yüzilliyin 80-ci illərdindən, Azərbaycan Teleradio Verilişləri Komitəsində işlədiyim çağlardan, Dilimizin yad sözlərdən arındırılması uğrunda ardıcıl, barışmaz çarpışma aparıram. Yaradıcalarından olduğum “Azadlıq” qəzetində bu çarpışmanı daha da genişləndirərək gündəlik savaş, dartışma yoluyla ərəb-fars sözlərinin yerinə Dilimizə yüzlərlə Türk sözü gətirdim. Bir illik AXC hakimiyəti dönəmində, AzTV-də İnformasiya studiyasının direktoru olarkən, əlimə geniş olanaq düşdüyündən gecə-gündüz yorulmaz çalışmalarla Dilimizi daha çox TÜRKLƏŞDİRDİM. Böyük inamla deyə bilərəm: bu gün Dilimizdə işlənən Türk sözlərinin ən nazı yüzdə doxsanını Dilimizə mən gətirmişəm – onlar indi yalnız mənim deyil, hamının, gerilikçi AzTV-lərin belə işlətdikləri sözlərdir. Yeri gəlmişkən, bunu da demək gərəkir: mən AzTV-də başqa Türk ölkələrində indiyədək olmayan TÜRK İNFORMASİYA DİLİ yaratdım. Hakimiyət başındakılar etdiklərimi dəyərləndirmək yerinə… mənim qandallanıb Bayıl türməsinə göndərilməyimə göstəriş verdilər. Bizdə bu sayaq dəyərsizlik dəyərləndirmələri çox olduğundan xalq, ölkə olaraq irəliyə getməkdən daha çox geriyə gedirik…