Azərbaycanlı idmançının meyiti Livanda qalıb

Azərbaycanlı idmançı, MMA növü ilə məşğul olan Xəzər Əliyev bir neçə gün əvvəl Livanın paytaxtı Beyrutda yol qəzası nəticəsində vəfat edib.

İdmançının dostları Lent.az-a bildiriblər ki, internat məktəbində böyüyən Xəzərin meyitinin ölkəyə gətirilməsi problemə çevrilib və onun nəşi Beyrut morqunda saxlanılır: “Xəzərin meyiti 3 gündür ki, morqda qalıb. 12 min dollar əməliyyat pulu, 7-8 min dollar da meyitin göndərilməsi üçün istəyirlər. Səlahiyyəti və imkanı olan şəxslərdən xahiş edirik, bu məsələdə yardımlarını əsirgəməsinlər”.

Qeyd edək ki, X.Əliyev əslən Naxçıvanın Şərur rayonundandır və Ordubadda internatda böyüyüb.