Ağdaşda bələdiyyə sədrinin oğlu öldürüldü

Xəbər verdiyimiz kimi, Ağdaş rayonunun Aşağı Nəvətava kənd bələdiyyəsinin sədri Baris Həsənovun oğlu qətlə yetirilib. “Qafqazinfo” xəbər verir ki, 22 yaşlı Sahibi öz dostu söyüşə görə bıçaqla vurub. Həmkəndlilərinin sözlərinə görə, bıçaq şah damarını kəsdiyi və xəstəxanaya gec çatdırıldığı üçün Sahib Həsənovun həyatını xilas etmək mümkün olmayıb. Mərhum nişanlı olub.

***

Ağdaş rayonunda qətl hadisəsi törədilib. Hadisə rayonun Qəribli kəndində qeydə alınıb. Kənd sakini 1980-ci il təvəllüdlü Savxanov Cabir Möylan oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 1995-ci il təvəllüdlü Həsənov Sahib Baris oğlunu bıçaqlayıb.

Sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılan Sahib Həsənov orada dünyasını dəyişib.

Məlumata görə, Sahib Həsənov bıçaqlanandan sonra hadisə yerində köməksiz vəziyyətdə qalaraq çoxlu qan itirib və rayon mərkəzindən 40 kilometr aralıda yerləşən Qəribli kəndindən xəstəxanaya 2 saat sonra gətirilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Mərhum Sahib Həsənov Qəribli kəndinin daxil olduğu Aşağı Nəvətava kənd bələdiyyəsinin sədri Baris Həsənovun oğludur.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.