Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ilkin məlumatlarına əsasən, cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1 milyard 672,4 milyon manat vəsait yönəldilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 131,5 milyon manat və ya 8,5 faiz çoxdur. Vəsaitin 97,3 faizini pensiya xərcləri təşkil etmişdir.Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.
2017-ci ilin altı ayı ərzində əhaliyə 45,8 milyon manat məbləğində müavinət ödənilmişdir ki, bunun da 23,5 faizi hamiləliyə və doğuma görə, 24,3 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 15,1 faizi dəfn üçün, 37,1 faizi isə digər məqsədlər üçün ödənilən müavinətlərə yönəldilmişdir.
2017-ci il iyulun 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1328,4 min nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 13,7 faizini təşkil edir. Onların 59,4 faizi yaşa, 29,3 faizi əlilliyə, 11,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Azadliq.info