Yaxud, çarmıxa çəkilən ədalət
Bu ölkənin insanlarına bəxtəvərçilik vermək olardı. Bu ölkədə yaşayanlara həsəd aparmaq, qibtə etmək olardı. Bu ölkənin vətəndaşlarına həqiqətən də dünya xalqları paxıllıq edə bilərdi. Amma olmadı, hökumət əlindən gələni etdi ki, Azərbaycan vətəndaşları həsəd aparılan yox, həsrət çəkən olsun. Bu ölkənin insanlarına paxıllıq etmirlər, yazıqları gəlir. Azərbaycan vətəndaşları dünyanın müxtəlif ölkələrində sığınacaq almaq üçün mübarizə aparırlar. Ayağı yer tutan, dili söz tutan bu ölkədən qaçmaq istəyir. Cənnət bir ölkəni cəhənnəm vadisinə çevirdilər.
Vətəndaş susduqca, acı reallığı qəbul etdikcə daha da qəddarlaşdılar. Bu ölkədə çoxdandır ki, xalqa lazımsız əşya kimi baxırlar. Dövlətin sərvətinin talan edilməsi, xalqın səfil vəziyyətə salınması hələ hökuməti razı salmayıb. İndi bu ölkənin ləyaqətli, vicdanlı insanlarına divan tutmaqla məşğul olurlar. Cinayətlə əhatə olunmuş adamlar, həqiqətlə əhatələnənələri məhv etmək istəyirlər. Bütün qeyri-insani metodlar Azərbaycanda təcrübədən keçirilir. Şərlənərək həbs edilmiş adamlara həbsxanada ağır işgəncələr verilir. Bugünlərdə daha bir tükürpədici xəbər Qobustan həbsxanasından gəldi. Ağır həbs cəzasına məhkum edilmiş Abbas Hüseynova filmlərdəki kimi işgəncələr verilib.
“Bura Qobustandır, ağzının danışığını bil”. Bunu deyə-deyə durub cumdu üstümə. Rəisin yanında Emin adlı müavini və daha 2 nəfər həbsxana əməkdaşı vardı. Əllərim qandallı idi. Yanımdakılar badalaq verib, məni yerə yıxdılar, rəis otağındakı stolun altından “dubinka”nı çıxarıb, yerdə məni vurmağa başladı. Vura-vura deyirdi ki, “səni ram eləmək mənim üçün 2 dəqiqəlik işdir”. Məni ayağa qaldırıb, ayaq üstə üzümə vurmağa başladı. Mən dedim ki, nə vəhşiyəm, nə də heyvan. Təzədən məni yerə yıxdılar və rəis məni yenidən “dubinka”yla yerdə döyməyə başladı. Ən azı 30-35 zərbə endirdi. Sonra qaldırıb sifətimə vurdu. Rəisin müavini Emin də məni vururdu. O qədər başıma vurdular ki, gözlərim irinlədi. Daha sonra mənə 8 sutka kars cəzası verildiyi deyildi. Aftandil Ağayev dedi ki, əlləri, ayaqları qandallı “kars”a salın. Gətirdilər “kars”a, uzatdılar dəmirin üstünə, əllərimə və ayaqlarıma qandal vurdular, çarmıxa bağladılar. 2 gün çarmıxa çəkilmiş vəziyyətdə “kars”da qaldım”.
Bu sözlər hansısa filmdən fraqment deyil, hansısa əsərin epizodu deyil, heç hansısa erməni əsirinin ölkə mətbuatına açıqlamasından da götürülməyib. Bu sözləri Qobustanda həbsxana rəisinin işgəncələrinə məruz qalmış Abbas Hüseynov söyləyir. 2017-ci ildə Azərbaycanda günahsız məhbus çarmıxa çəkilir, islah düşərgəsi işgəncə düşərgəsinə çevrilir. Gecə-gündüz tolerantlıq nağılları danışanlar, humanizmdən dəm vuranlar, erməniləri Bakıda sevimli qonaq kimi qarşılayanlar, ölkə vətəndaşına beləcə divan tuturlar.
Əslində, bu ölkədə işgəncəyə məruz qalanlar milyonlardı. Yanlış müalicə olunub, cibi soyulan da, 11 il məktəbə ayaq döyüb, savadsız olanlar da, məhkəməyə müracitə edib, ədaləti tapmayanlar da, maaşı dilənçi payı olanlar da, seçkidə səsi oğurlananlar da, ağır faizlərlə kredit ödəyənlər də işgəncəyə məruz qalanlardı. Bəli, bu ölkədə çarmıxa çəkilən təkcə Abbas Hüseynov deyil. Əgər ölkədə qanunlar, ədalət, insani hisslər çarmıxa çəkilibsə, deməli hamının bir çarmıx payı var. Bu ölkənin vətəndaşları bu qədər sərvətdən deyil, işgəncədən, səfalətdən, zülmdən pay aldılar. Yadlar milyonlara sahib oldu, doğmalar qəpiyə möhtac edildi.
Bugün zindanda çarmıxa çəkilən insan, milyonlarla insan üçün güzgü olmalıdır. Hər bir vicdanlı adam o çarmıxda özünü görməlidir və buna etiraz etməlidir. Hansısa harın rəis insanlara zülm edib, rahat şəkildə ömür sürə bilməməlidir. Sərvətlərimizin oğurlanmasına biganə qaldığımıza görə, qürurumuzu da, sağlamlığımızı da, ləyaqətmizi də oğurlamağa çalışırlar. İnsan ölümün səbəb olan məmur nəvəsiylə, insanı çarmıxa çəkən rəisin arasında hansı fərq var? Əslində, həmin rəis dərhal həbs edilməlidir və bu bütün “işgəncə kralları”na ibrət olmalıdır.
Amma bura Azərbaycandı və burda vətəndaşa yalnız işgəncə düşür. Əgər Abbas Hüseynova verilən işgəncə hansısa erməni əsirinə verilsəydi, həmin rəisin nəsli çarmıxa çəkilərdi. Bəli, bu ölkənin vətəndaşı, manatdan daha sürətlə ucuzlaşır.
Ədaləti, hüququ, canımızı çarmıxdan qurtarmaq öz əlimizdədi. Yoxsa, bugün Qobustanda baş verən rəzalət sonuncu olmayacaq. Qobustandan gələn ah-nalə səsləri hamını oyandırmalıdır.
İlham