Tempus fondu 40 nəfər tələbədən niyə imtina etdi?
Bu il Azərbaycan Təhsil Nazirliyi ilə Macarıstan hökuməti arasındakı anlaşmaya görə, Tempus Fondu 200 nəfər azərbaycanlı tələbənin Macarıstanın müxtəlif universitetlərində təhsilini maliyyələşdirməli və təqaüdlə təmin etməli idi. Lakin son anda məlum olub ki, fond müsabiqədən və imtahanlardan uğurla keçərək Macarıstan universitetlərinə qəbul olunan 200 gəncdən 40-nın təhsil xərclərini maliyyələşdirməkdən imtina edib. Bu imtina haqqında məlumat gec verildiyinə görə, gənclərin başqa Qərb universitetlərinə müraciət imkanları da əldən çıxıb. Çünki həmin vaxt artıq başqa fondlara müraciət və imtahan müddəti də bitmişdi.
Xatırladaq ki, bu proqramın həyata keçirilməsi Azərbaycan Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə imzalanmış sənəd əsasında həyata keçirilir. Həmin sənəddə yazılır ki, tərəflər: “Təhsil sahəsində münasi¬bətlərini və əməkdaşlığı daha da inkişaf etdirmək məqsədi ilə, 2012-ci il okt¬yabrın 9-da Budapeştdə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında təhsil, elm və mədəniyyət üzrə əməkdaşlığa da¬ir Saziş”in mahiyyətinə uyğun olaraq, 2015-2017-ci illərə dair aşağıdakı Təhsil üzrə İş Proqramını qəbul edirlər: Macarıstan Tərəfi tam bakalavriat və magistratura təhsil proqramları üzrə Macarıstanda təhsil almaq məqsədi ilə hər il Azərbaycan Respublikasının 200 vətəndaşı üçün təqaüdlər ayıracaqdır…”
Göründüyü kimi, sənədə əsasən, həqiqətən də, Azərbaycan tərəfinə 200 yer ayrılması barədə öhdəlik götürülüb. İndi proqramdan kənarda qalan gənclər Macarıstan tərəfindən əsaslı açıqlama verilməsini və əks halda, hüquqlarının pozulduğuna görə Avropa məhkəməsinə müraciət edəcəklərini bildirirlər.
Tempus Fondu 1996-cı ildə Macarıstan hökuməti tərəfindən yaradılıb və 10 ildən artıqdır Avropa İttifaqı ilə əməkdaşlıq edir.
Mövzunu diqqətdə saxlayacağıq.
Azadliq.info