Mogherini ilə selfie çəkən İran millət vəkilləri tənqidlərlə üzləşiblər

Prezident Həsən Ruhaninin şənbə günü keçirilən inaqurasiyası üçün İrana səfər edən xanım Mogherini gözlənilmədən məclisin diqqət mərkəzinə çevrilib.

Mərasimdə çəkilən şəkillərdə xanım Mogherinin ətrafında bir çox millət vəkilinin yığılaraq şəkil çəkdiyi görünür.

BBC Azərbaycanın xəbərində bildirilir ki, ölkədə bir çox sosial şəbəkə istifadəçisi millət vəkillərinin hərəkətlərinin “alçaldıcı” olduğunu deyərək onları tənqid ediblər.

Sosial şəbəkə istifadəçiləri Fars xəbər agentliyinin paylaşdığı şəkildə xanım Mogherinin çox da rahat olmadığını və millət vəkillərinin hərəkətlərinin “qəribə” olduğunu deyib.

Bir millət vəkili, Əlireza Salimi, digər millət vəkillərinin hərəkətlərini “Qərbə mütilik” adlandıraraq millət vəkillərinin davranışını müşahidə edən məclis komitəsi tərəfindən araşdırıla biləcəyini deyib.

İnsan haqqları pozuntuları və ölkənin nüvə proqramına görə Aİ-nin İrana qarşı bir sıra sanksiyaları qüvvədədir.

Cənab Salimi millət vəkillərinin davranışını siyasi səbəbdən utandırıcı olduğunu desə də, sosial şəbəkə istifadəçilərinin böyük qismini ən çox narahat edən məqam xanım Mogherinin ətrafına yığılmış kişilər olub.

Prezident Ruhaninin mədəniyyət məsələləri üzrə məsləhətçisi Hesam Aşena deyib: “Bu bir siyasi yox, mədəni problemdir. Bu selfilərdə çəkilən hər bir millət vəkilindən ciddi şəkildə müsahibə alınmalıdır.”

Keçmiş prezident Məhəmməd Xətamiyə məsləhətçi olan Sadeğ Xərrazi isə hər bir İran millət vəkilinin “davranış qaydaları və universal mənəvi dəyərlər” üzrə təlim kursundan keçməsini tövsiyə edib.