Azərbaycanda şirkətlərin manat depozitləri kəskin azalıb

Cari ildə bank depozitlərinin dollarlaşması səviyyəsində əhəmiyyətli dəyişiklik baş verməmişdir. Belə ki, xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi ilin əvvəli ilə müqayisədə 0,9 faiz bəndi artaraq I yarımilliyin sonuna 45.6% təşkil etmişdir

Azərbaycan Mərkəzi Bankının 2017-ci ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalında deyilir.

Qeyd edilib ki, xarici valyutada depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi isə ilin əvvəlində 64.4% təşkil etdiyi halda yarımilliyin sonuna 67.2% təşkil etmişdir.

Hesabat dövründə fiziki şəxslərin manatla əmanətləri 21.2% artmış, xarici valyutada əmanətləri isə 19.5% azalmışdır. Nəticədə, fiziki şəxslərin əmanətlərinin dollarlaşması səviyyəsi ilin əvvəlindəki 79.6%-dən 73.4%-ə enmişdir.

Manatla pul kütləsinin (M2) strukturunda nağd pul kütləsi, fiziki şəxslərin əmanətləri və hüquqi şəxslərin depozitləri fərqli dinamika nümayiş etdirmişlər. Belə ki, dövr ərzində nağd pul kütləsi 6.2%, fiziki şəxslərin manat əmanətləri 21.2% artmış, hüquqi şəxslərin (şirkət, idarə və təşkilatların) manat depozitləri isə 21.9% azalmışdır.

Azadliq.info