Gülnarə Kərimovanın oğlu hökuməti kompromatlarla hədələdi

Bir neçə gün əvvəl həbs olunan Gülnarə Kərimovanın oğlu İslam Kərimov (babasının – Özbəkistanın birinci prezidenti İslam Kərimovun adını daşıyır) anasına qarşı ittihamları qurama adlandırıb.

İ.Kərimov BBC-yə müsahibəsində bildirib ki, anasının əleyhinə saxta ifadələr alınıb və hazırda özü Özbəkistan hakimiyyətinin üzvləri ilə bağlı kompromatların dərcinə hazırlaşır: “Ortada heç bir şahid, imzalı sənəd, audio və ya videoyazı yoxdur. Bütün ittihamlar 3-4 ildir Özbəkistan Milli Təhlükəsizlik Xidmətində saxlanılan şəxslərin ifadələrinə əsaslanıb. Onlardan istədikləri ifadəni, istədikləri imzanı alıblar. Dörd il orada saxlanılan adam əlbəttə ki, istənilən etirafı edəcək”.

Anasının işi üzrə xarici ölkələrdə aparılan təhqiqatlara gəlincə, İ.Kərimov orada da konkret sübutların olmadığını bildirib.

Gülnarə Kərimovanın oğlu İslam Kərimov

Onun sözlərinə görə, ortaya atılan 2 milyardlıq iddianın heç bir əsası yoxdur: “Heç bir sübut yoxdur. Ola bilsin ki, bütün korrupsiyalaşmış nazirlərin, bütün qohumlarımızın varidatını bu məbləğə əlavə ediblər. Anamı mühakimə edəcəklər, yerdə qalanlar da “təmiz” qalacaq və işlərinə davam edəcəklər. Mən indi ad çəkmək istəmirəm. Amma böyük sənəd dərc etdirməyi planlaşdırırıq. Orada hazırda Özbəkistanda hakimiyyətdə olan, güc strukturlarında təmsil olunan bir çox nazirlərin və şəxslərin layihələri yer alıb. Onların çoxunun varidatı 2 milyarddan artıq olub – 3-4 milyard və s. Heç kim bu barədə danışmır”.

İ.Kərimov bildirib ki, mərhum babası İslam Kərimov qızı Gülnarənin populyarlıqda onu keçəcəyindən ehtiyat edir və bundan qəzəblənirmiş: “Babam qorxurdu ki, anam xalqın sevgisini ondan oğurlaya bilər. Hətta o səviyyədə ki, biz ondan anamın gördüyü böyük işləri gizlətməli olurduq. Halbuki anam buna cəhd etmirdi, həmişə babam haqda yüksək fikirdə idi. Babam anamın hakimiyyəti onun əlindən almaq istəmədiyini görəndə sakitləşdi”.

Anasının həbsi ilə bağlı məhkəmə qərarını əldə etdiyini deyən İ.Kərimov orada G.Kərimovanın hazırda harada saxlanıldığına dair məlumatın olmadığını bildirib.

Xatırladaq ki, Özbəkistanın Baş Prokurorluğu Gülnarə Kərimovaya aşağıdakı ittihamlar üzrə cinayət işinin açıldığını elan edib – dələduzluq, xarici valyutanın gizlədilməsi, gömrük qanunvericiliyinin pozulması, ticarət və xidmət qaydalarının pozulması, sənəd saxtalaşdırılması, cinayət fəaliyyəti ilə əldə olunan gəlirlərin qanuniləşdirilməsi.

Məlumata görə, G.Kərimovaya qarşı ittihamlar cinayətkar qruplaşma üzvlərinin, şahid və zərərçəkənlərin ifadələri, eləcə də qrupun nəzarətindəki 14 firma və 16 offşor şirkətin fəaliyyətinə dair materialların yoxlanılması əsasında irəli sürülüb.

12 xarici ölkədə G.Kərimovaya məxsus cinayət yolu ilə qazanılmış 1 milyard 394,1 milyon dollarlıq, 18,5 milyon franklıq və 63,5 milyon avroluq aktivlər aşkarlanıb.

Gültəkin