Məhkəmə Əfqan Muxtarlı işi ilə bağlı şikayəti araşdırmayıb

Sabunçu Rayon Məhkəməsi bəzi ictimai fəalların və vəkillinin Bakı İstintaq Təcridxanasında saxlanan jurnalist Əfqan Muxtarlı ilə bağlı verdiyi şikayətə baxmaqdan imtina edib.

Şikayətdə onların jurnalistlə görüşməsinə maneə yaradıldığı iddia olunur.

Jurnalistin vəkili Elçin Sadıqovun AzadlıqRadiosu-na bildirdiyinə görə, iyunun 5-də Ə.Muxtarlı ilə görüşməsinə maneçilik yaradılıb. Eyni maneələrlə jurnalistin ailə üzvlərinin etibarnamə verdiyi yaxın dostları Məcid Məcidli, Samir Əsədli və Məsud Əsgər də üzləşdiyini söyləyirlər. Onlar dəfələrlə təcridxanaya gedərək Əfqan Muxtarlı ilə görüşmək istəsələr də buna imkan verilmədiyini açıqlayıblar. Həmin şəxslər jurnalistə ərzaq apardıqlarını söyləyirlər.

E.Sadıqovun sözlərinə görə, Sabunçu Rayon Məhkəməsinə Bakı İstintaq Təcridxanasının vəzifəli şəxslərinin təqsirləndirilən şəxsin hüquqlarını pozan hərəkətlərindən məhkəmə nəzarəti qaydasında şikayət verilib.

Ancaq Sabunçu Rayon Məhkəməsinin hakimi Süleyman Ağayev şikayəti icraata qəbul etməməklə bağlı qərar qəbul edib.

 E.Sadıqovun deməsinə görə, qərar onunla əsaslandırılıb ki, vəkilin iyunun 5-də Ə. Muxtarlı ilə görüşə bilməməsini təsdiqləyən sübutlar yoxdur. M. Məcidli, S.Əsədli və M.Əsgərlə bağlı qərarda isə qeyd edilib ki, onlara etibarnamə vermiş şəxsin Ə.Muxtarlı ilə qohum olmasını təsdiqləyən sübutlar məhkəməyə təqdim olunmayıb.Sabunçu Rayon Məhkəməsinin qərarı vəkillərə bu gün, avqustun 1-də təqdim edilib.

“Məhkəmənin bu qərarı qanunsuzdur. Çünki, Ə.Muxtarlını təmsil etdiyimi təsdiqləyən vəkil orderi, eləcə də M.Məcidli, S.Əsədli və M.Əsgərə verilmiş etibarnamənin surəti məhkəməyə təqdim olunub”, – deyə, E.Sadıqov bildirib.

Vəkil artıq, qərardan şikayət verdiyini bildirib.