Ölkədə şok bir xəbər yayıldı. Amma bu xəbər ölkənin gündəmində otura bilmir. Altına çiban çıxıb, ya da nəsə başqa bir səbəbdən bu xəbər gündəmə otura bilmir. Bizim gündəm xəbərləri nədir?
– Yasəmən Qaraqoyunlunun yazısı: «Niyə bizə, Azərbaycanın vətəndaşlarına, ailələrinə , övladlarına belə yaşamağı rəva görürsünüz? Ayıb deyilmi? Utanmırsınızmı? Heyvanların da yuvası var, qarışqaların da yuvası var, amma bizim bir insan və ya bir qul kimi də bir yuvamız, həyatımız yoxdur. Budurmu siyasət, budurmu söylədiyiniz inkişaf? Budurmu insan həyatına verilən dəyər? Niyə bu qədər qəddarsınız…». Bu, müəllifin İlham Əliyevə və Mehriban Əliyevaya ünvanladığı suallardan bircəciyidir. O birilərini heç on pud balla da yemək olmaz.
– Vladimir Putinin İlham Əliyevə ehtimal edilən təzyiqi. Rusiyanın prezidenti Azərbaycanın prezidentini Soçiyə çağırıb ona barmağını silkələyib ki, get, ağlını başına topla və öz işinlə məşğul ol. «Öz işində məşğul ol» o deməkdir ki, yəni regional hərb məsələlərinə, o cümlədən Qarabağ məsələsinə burun soxma. Neftini sat, pambığını sat pulunu qazan gətir ver bizə, əvəzində Rusiyanın köhnə, sınıq-salxaq tanklarından və hər birinin də üstündə bir çəllək kraska alıb apar.
– Jurnalistlərə ev verilməsi, ev alanların təşəkkürü, ev ala bilməyənlərin naləsi və daha bir evin tikiləcəyi barədə vədin perspektiv işartıları. Üstəlik, prezidentin köməkçisinin ev almış jurnalistlərə öyüdü: «gözünüz çıxsın, sizə ev vermişik, niyə bizə qarşı əks təbliğata cavab vermirsiz?».
-Saakaşvilinin Ukrayna vətəndaşlığını ləğv etdilər. Regionun böyük demokratı, regionun böyük dikrtatorunun əziz dostu və korrupsiya ortaqlarından biri olan bu parlaq və ziddiyətli tarixi şəxsiyyətin Ukraynada prezident olmaq niyyətinin qarşısına diyirləndirilən daşlar Azərbaycanda geniş müzakirə edilir.
– Monqolustan prezidenti ofşorda pulu olan bütün monqollara əmr etdi: «Əgər 49 gün ərzində pullarınızı ölkəyə gətirməsəz, nəslinizdə at arabasının təkərindən hündür olanların hamısının boynu vurulacaq».
– Rusiya Ermənistan ordusunu öz ordusunun tərkib hissəsi elan etdi. Bunu, birinci məsələnin davamı da saya bilərsiz`.
– Aleksandr Lapşinə 3 il 3 ay həbs cəzası verib Putinin göstərişi əsasında İsrailə deportasiya edəcəklər. «Ekstradisiya» yox, elə məhz, deportasiya.
Gündəmin bu qeyri- şok xəbərlərinin sırasını uzatmaq olar. Hətta onu da qeyd etmədik ki, Ağdamın icra başçısı Rağub müəllim 3 dəfə dələduzluğa görə həbs edilmiş, dördüncü dəfə də namizədliyini irəli sürmüş Teylor Fətişoğlu adlı jurnalistə qoşulub adamları hərifləyirmiş, onların pullarını dələduzluq yolu ilə əllərindən alırmış. Bu, ölkədəki bütün vəzifə sahiblərinin hobbisi olduğuna görə Rağub müəllimin bu «Teylor ortaqlığını» xüsusi olaraq fərqləndirmədik. Hər icra başçısının, hər bir nazirin beş-altı Teyloru var.
Günün əsas hadisəsi isə Naxçıvanda baş verib, bu barədə AzərTac da xüsusi məlumat yayıb. Amma heç kimin eyninə deyil. Əsas xəbər bundan ibarətdir ki, Naxçıvanda arxeoloqlar 70 santimetr dərinlikdən 8 min il bundan əvvəlki naxçıvanlıların izini tapıb Vasif Talıbova təhvil veriblər. İndi orada Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin yerli Nazirliyi üzə çıxarılan 8 min əvvəlki naxçıvanlıların sosial mənşəyini araşdırır, sonuncu iş yerləri haqqında məlumatları toplayır, həbsdə olub – olmadıqlarını dəqiqləşdirir. Bundan sonra onlar ictimai həyata vəsiqə alacaqlar. AzərTac bu barədə geniş reportaj yayıb. Buna görə də Naxçıvan arxeoloqlarının üzə çıxardıqları bu müdhiş sirri mötəbər saymamaq üçün əsasımız yoxdur.
8 min il əvvəlki insan cəmiyyəti nə təhər olub? Həmin zamanlarda da YAP- ın Naxçıvan şöbəsi vardımı? O zaman Naxçıvan Ali Məclisinin sədrinin soyadı necəydi?
Tarixi hesabatlara görə bizim eradan 6 min il əvvəl, yəni bizdən indi durduğumuz yerdən 8 min il əvvəl Yür kürəsində cəmi 5 milyon adam yaşayırmış. Onlarından neçəsi Naxşıvanda yaşayırmış? İndi Muxtar respublikada 450 min nəfərin yaşadığını deyirlər, onların da yarısından çoxu qaçıb Türkiyəyə və geri qayıtmır. O zaman, 8 min il bundan əvvəl adamlar Naxçıvanda niyə yaşayırmış ki? Yəni, 8 min il əvvəl Çində nə qədər əhali yaşayırmış ki, yerdə qalanlar da Naxçıvanda yaşayırmış? Bütün bunlar gündəmin ən qəliz və ən bomba suallarıdır. Arxeoloqlar buna cavab verməlidirlər. Həm də birbaşa Vasif Talıbova verilməlidir bu cavablar. Çünki, bu sahə onun hobbisidir. Hələ 2010- cu ilin aprel ayının 25-də, günortadan sonra dərc edilmiş «Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan» adlı kitabında qeyd etmişdi ki, naxçıvan şəhərinin 5 min il yaşı var. İndi hansısa, savadı ıqcqırmış bir dəstə arxeoloq və iki nəfər də traktorşu ortaya atılıb iddia edirsə ki, Nsxçıvanın 5 min il yox, 8 min il yaşı var, buradan iki məna çıxır. Ya bu dəstə Vasif Talıbovun savadına həqarət edir, ya da ona yarınmaq istəyiblər, amma barıtını çox eləyiblər.
Günün əsas məsələsi budur! Alimlər, ictimai xadimlər, jurnalistika bunu dartışmalıdır. Yasəmən Qaraqoyunlunun yazısında qeyd edilənlər isə boş şeylərdir, qeyri elmidir, Azərbaycan tarixinin ləkəsidir…
azadliq.info