Jurnalistlərin mənzil qalmaqalına sözardı
Bir sıra jurnalistə “prezidentin mənzil mükafatı”nın verilməsi həm jurnalistikada mənəvi mühitin aşındığını, həm də iqtisadiyyatda “analoqsuz inkişaf”ın saxtalığını yenidən gündəmə gətirdi. Həm də bu dəfə daha böyük rezonans və ictimai narazılıq doğurdu.
Cəmiyyətdə ayrı-seçkilik, bərabərsizlik, sosial-iqtisadi böhran o qədər dərindir ki, artıq insanlar qəzəbini, nifrətini belə gizlətmir… Dövlət gəlirləri – vətəndaşların büdcəyə ödədiyi vergilər hesabına jurnalistlərə kütləvi şəkildə pulsuz ev paylanması da bu səbəbdən qəbuledilməzdir.
Ümumiyyətlə, qanunvericilikdə dövlət mükafatları sırasında “mənzil mükafatı” da yer alırmı?
Bunun adı özfəaliyyətdir. Heç bir hüquqi meyar, prinsip yoxdur. Bu məsələdə ictimai rəy, xalqın istək və arzuları nəzərə alınmayıb. Bu, həm də Konstitusiyadan, mənzil qanunvericiliyindən irəli gələn öhdəliklərə nümayişkaranə sayğısızlıqdır. Əks halda, hakimiyyət ehtiyacı olan bütün imkansız insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görməli idi.
Sovet vaxtı Bakı şəhərində mənzil növbəsini gözləyən onminlərlə adam vardı. Sovet sisteminin çökməsi ilə mənzil növbəsi də hüquqi qüvvəsini itirdi. Deməli, bu gün ölkə paytaxtında onminlərlə, bəlkə daha çox ailənin mənzil şəraitini yaxşılaşdırmağa ehtiyac var.
Jurnalistlərə pulsuz ev verilməsi “dövlət dəstəyi” kimi təqdim edilir. Bunun isə yalnız Bakı şəhərində fəaliyyət göstərən və kirayə evdə yaşayan jurnalistlərə aid olduğu bildirilir. Niyə məhz paytaxt?! Bəs, Sumqayıt, Gəncə, Mingəçevir kimi şəhərlərdə kirayədə yaşayan, yaxud mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan jurnalistlər yoxdur? Və ümumiyyətlə, niyə məhz jurnalist?! Evsiz olan yalnız jurnalistlərdir?
Başqa bir detal. Əvvəla, kimsə evsiz deyil, kimsə çöldə doğulmur. Hər kəsin bir şəhərdə, bir kənddə ata yurdu, ata ocağı var. İş ardınca doğma şəhərini, kəndini tərk edirsənsə, təbii ki, ev problemi ilə qarşılaşacaqsan. Jurnalistlər də həmçinin. Axı, daimi iş yeri üçün paytaxta üz tutan və kirayədə yaşayan başqa peşə sahibləri də var. Bəlkə, onlara da pulsuz ev verilməlidir?
Üstəlik, hər kəs sənətini, peşəsini özü seçir. Deməli, seçdiyi peşənin gəlirli olub-olmadığını, bu sənətlə yaxşı pul qazanıb-qazanmayacağını, sosial problemlərin öhdəsindən gəlib-gəlməyəcəyini də qabaqcadan düşünməlidir.
Jurnalistlərə kütləvi şəkildə pulsuz ev verilməsindən sonra isə qəribə situasiya yaranıb. Sanki əlinə qələm götürən hər kəs evlə təmin edilməlidir. Belə davam etsə, jurnalist adından sui-istifadə edənlərin və jurnalistikaya soxulan təsadüfi adamların sayı daha da artacaq. Bu situasiyanı yaradan hakimiyyət isə ilk növbədə dövləti, daha sonra jurnalist peşəsini nüfuzdan salır.
“Dil dolaşar, düz danışar”
Jurnalistlərə pulsuz ev verilməsi həm də dövlətin iqtisadi gücü kimi qələmə verilir. Əslində isə bu addım hakimiyyətin sürətli və davamlı inkişaf haqda yalanlarını bir daha üzə çıxarır.
Əvvəla, “Xəzər” telekanalına müsahibəsində prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dolayısı ilə etiraf etdi ki, heç bir jurnalist öz maaşı ilə ev ala bilməz. Amma “siyasi səhv”ini dərhal düzəldib əlavə etdi ki, ucuz ev ala bilərlər, prezidentin verdiyi mənzillər isə bahalıdır və belə mənzil almaq çox çətindir…
Amma fakt bu ki, Azərbaycan jurnalisti öz maaşı ilə ucuz ev də ala bilmir. Bunu isə prezidentin ev verdiyi jurnalistlərin rəsmi mətbuatda təşəkkür dolu ifadələrindəki “siyasi səhv”lər də təsdiqləyir.
Ev alan jurnalistlərin siyahısında hətta təsisçisi Prezidentin İşlər İdarəsi olan “Xalq qəzeti”nin əməkdaşları da var. Onlardan biri (Vaqif Bayramov) yazır ki, 1986-cı ildən başlanan jurnalist fəaliyyətinin bütün mərhələlərində “ulu öndərimiz Heydər Əliyev, möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlarla” bağlı yüzlərlə yazı dərc etdirib. Amma ardınca da bildirir ki, uzun müddət kirayədə, daha sonra mədən sahəsində dikəltdiyi “gecəqondu” evdə yaşayıb…
Deməli, “uğurlu islahatlarla” bağlı yüzlərlə yazının müəllifi 30 il ərzində ucuz ev də ala bilməyib. Bəs, hanı o islahatların bəhrəsi? Əgər, prezident qəzetinin əməkdaşı da “gecəqondu”da yaşayırsa, o zaman müxalif və ya müstəqil jurnalistin də yerinin həbsxanada olmasına təəccüblənməməliyik.
Ev alan jurnalistlərin siyahısında bir neçə nazirlik və komitənin mətbuat xidməti rəhbərlərinin olması da özünüifşadır. Faktiki jurnalist yox, məmur sayılan bu şəxslərin həqiqətən evsiz olub-olmadığı şübhəlidir. Amma evsiz olmaqları da dövlət adına bir ayıb, evi ola-ola daha birini ələ keçirməkləri də iki ayıb olardı. Axı, məhz onlar hər gün təbliğ edirlər ki, ölkəmizin “güclü iqtisadiyyatı və şəffaf hökuməti” var?
Deyiblər, “eşit, amma inanma”… Odur ki, adı çəkilən dövlət qurumlarından Gənclər və İdman Nazirliyinin nümayəndəsinin prezidentə ünvanladığı təşəkkürdə də onun kirayədə və ya məhrumiyyətdə yaşayan adam olduğu sezilmir.
Amma Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Ülfət” qəzetinin baş redaktor müavininin (Bəyalı Rzayev) 40 ilə yaxındır jurnalistikada “külüng çaldığını” deməsi, onun əziyyətə qatlaşması kimi büşü düşülür.
“Külüng çalmaq” demişkən, ev alanların siyahısında jurnalist fəaliyyəti çal-çağırda, əyləncədə, boşboğazlıqda keçən o qədər isim var ki, bu da prezidentin evlərin “böyük xidmətləri olmuş insanlara” verildiyi haqda söylədiklərini qeyri-ciddiyə alır.
Hakimiyyət Azərbaycanı dünyaya “regionun ən güclü ölkəsi” kimi təqdim edib öyündüyü kimi, Azərbaycan mətbuatını da “regionun ən aparıcı mətbuatı” hesab edir. Amma bu mülahizəni də elə ev alan jurnalistlərdən biri puça çıxarır. Müstəqil jurnalist kimi təqdim edilən həmin şəxs mətbuatın biznes, pul qazanmaq üçün uğurlu sahə olmadığını bildirir. Hətta tanınan jurnalistlərin belə maddi və maliyyə problemi üzündən mənzilsizlik qayğılarının olduğunu söyləyir…
“Regionun ən aparıcı mətbuatı”nın pul qazana bilməməsini söyləmək nə qədər paradoksal haldırsa, bir o qədər də səmimi deyil. Təbii, “prezidentin mənzil mükafatı”na layiq görülən jurnalist Azərbaycanda müstəqil mətbuatın pul qazanmasına məqsədyönlü şəkildə imkan verilmədiyini açıq söyləyə bilməz. Axı, mətbuat özü pul qazansa həqiqətən müstəqil olar, müstəqil olsa prezidentin “xeyirxahlığına” isə möhtac qalmaz. Bəs, o zaman prezidenti və onun şəxsi hakimiyyətini kim mədh edər?
Ev alan jurnalistlərin təşəkkürlərinin yalnız prezidentə ünvanlanması da bunu açıq göstərir. Qələmini bundan sonra da “xalqının intibahına” həsr edəcəyini deyən həmin jurnalistlər, “mənzil mükafatı”nın eyforiyasından ən azı oxuculara minnətdarlıq etməyi unudublar… Onlardan birinin (Müşfiq Ələsgərli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri) arzusu isə qulaqları bir müddət dəng edəcək: “Allah dövlətimizi qüdrətli, müstəqilliyimizi əbədi etsin, Prezidentimizə cansağlığı versin ki…”
Şövkət Məmməd