Muxtarlı işində yenilik: 2 məmur istefaya göndərildi, prokurorluq araşdırmanı öz üzərinə götürdü

Tbilisidə jurnalist Əfqan Muxtarlının yoxa çıxması ilə bağlı iki məmur istintaq başa çatana qədər istefaya göndərilib. Bunlar Dövlət Təhlükəsizlik Xidmətinin əks kəşfiyyat departmentinin və Sərhəd polisinin rəhbərləridir. Bunu bu gün keçirdiyi brifinqdə Gürcüstanın daxili işlər naziri Georgi Mqebrişvili deyib.

“Qurumun rəhbərləri kimi biz əməkdaşlarımızın günahsızlığında əminik, lakin istintaqın hər hansı versiyanı istisna etmək hüququ yoxdur. Jurnalistin sərhəddi hansı vəziyyətdə keçdiyi bilinmədiyindən qeyd olunan şəxslərin vəzifələrindən getmələri iş ətrafında əsassız  şərhlərin qarşısını almağa yönəlib”, – deyə nazir bildirib.

Bu arada Muxtarlının işi Gürcüstanın Daxili İşlər Nazirliyindən alınaraq Baş Prokurorluğa verilib. İşin alınması üçün Prokurorluq nazirliyə sorğu göndərib.

Jurnalistin həyat yoldaşı Leyla Mustafayeva fb səhifəsində bu məsələlərə münasibət bildirib: “Gürcüstanda Dövlət Sərhəd Xidməti polisinin və Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat idarəsinin rəhbərləri Əfqan Muxtarlının işi ilə bağlı müvəqqəti olaraq vəzifələrindən kənarlaşdırılıblar. Daxili İşlər Naziri yaxasını bu işdən bu cür qurtarmağa çalışır. Araşdırma yönündə isə heç nə yoxdur. Nazirin bu açıqlamasından sonra Gürcüstan prokurorluğu işi öz üzərinə götürüb, araşdıracağını bəyan edib. Polis demək olar bütün faktları məhv edib. Görək nə araşdıracaqlar”.

Fizzə