Lapşinə 3 il iş verildi

Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə ittiham olunan blogger Aleksandr Lapşinin məhkəməsi yekunlaşdı. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, Lapşin il azadlıqdan məhrum edilib.
Hökmdən əvvəl Lapşinin vəkili Eduard Çernin müdafiə çıxışı edib və bloggerə bəraət verilməsini istəyib. Vəkil deyib ki, Lapşinin əməlində cinayət tərkibi yoxdur.

Vəkili Eduard Çernin məhkəmədən sonra jurnalistlərə bildirib ki, qərarı “yaxşıdan da yaxşı” qiymətləndirir.

“Normal, məhkəmə yetərincə obyektiv yanaşdı. Biz heç olmasa [həbs cəzasını] 50 faiz azaltmağı xahiş etmişdik, məhkəmə xahiş etdiyimiz kimi 50 faizi azaltdı. Bu da az deyil.”

Ardınca Lapşin özü son sözünü deyib.
Ömrünün 100-dən çox ölkədə səyahətdə keçdiyini deyən blogger təqsirsiz olduğunu, amma müəyyən məsələlərə görə peşman olduğunu bildirib. Deyib ki, Qarabağ bölgəsini tanımırdı və bu ərazi ilə bağlı yalnız erməni mənbələrdən məlumat alıb: “Ümid edirəm ki, Azərbaycan qısa müddətdə ərazi bütövlüyünü bərpa edəcək”.
Xatırladaq ki, həm İsrail, həm Rusiya, həm də Ukrayna vətəndaşı olan Aleksandr Lapşin CM-nin 281 (dövlət əleyhinə yönələn açıq çağırlşlar) və 318 (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur. İttihama görə, o, Azərbaycanın işğal olunmuş ərazilərində yaşayanlarla əlaqə quraraq, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.
Lapşin özünə məxsus http//puerrtto.livejournal.com səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd edib. Həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.
Lapşin 2017-ci il yanvarın 17-də Azərbaycana Belarusdan ekstradisiya olunub.

azadliq.info