Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sədr müavini İnqilab Əhədov iyulun 18-də yenidən məhkəmə qarşısına çıxarılıb. Bakı Apellyasiya Məhkəməsində onların işi üzrə ilkin baxış iclası keçirilib.
Məhkəmədə İnqilab Əhədovun vəkili Yalçın İmanov apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılması haqda vəsatət qaldırıb. Vəkil deyib ki, bir sıra məsələlər mütləq araşdırılmalıdır.
Faiq Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.
İş üzrə məhkəmə baxışı iyulun 25-nə təyin olunub.
Natiq Kərimov və İnqilab Əhədov 2016-cı il yanvarın 7-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. Onlara qarşı CM-nin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb. İttihama görə, adları çəkilən şəxslər xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb olunub, onların tapşırıqlarını yerinə yetiriblər.
Yanvarın 19-da isə Səbail Rayon Məhkəməsinin qərarı ilə Natiq Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. İnqilab Əhədov isə həbsdə qalıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Natiq Kərimova 4 il sınaq müddəti olmaqla 7 il şərti cəza, İnqilab Əhədova isə 5 il azadlıqdan məhrumetmə cəzası verilib.
İnqilab Əhədov hökmdən apellyasiya şikayəti verib.
azadliq.info